Super Liqanın açılış matçlarında sensasiya olmadı
17 oktyabr 2013 21:40
Bu gün qadın voleybolçular arasında Super Liqada yeni mövsümə start verilib. Azerisport.az xəbər verir ki, 6 komandanın iştirak etdiyi mübarizədə 3 oyun keçirilib.
Cari rəqabətin açılış matçında son illərin dəyişməz çempionu “Rabitə” farm-klubu hesab olunan “Telekom”la qarşılaşıb. Angiolino Frigoninin rəhbərlik etdiyi kollektiv gözlənildiyi kimi, asan qalib gəlib.
“Dəmiryolçular”ın qarşılaşmasında, “Azərreyl”, Avropa Çempionlar Liqasında mücadilə edəcək “Azəryol”a ciddi müqavimət göstərib. Amma sonda təcrübə öz sözünü deyib.
“İqtisadçı” çətinlik çəkmədən “Lokomotiv”i “quru” hesabla üstüləyib. Bu turdan sonra Super Liqada uzun müddətə fasilə yaranacaq.
Qeyd edək ki, qadınların ölkə çempionatı yenidən pley-off sisteminə keçib. Yarışda komandaların sayı azaldığından, əvvəlki kimi ilkin mərhələdə 4 dövrəlik sistem qalacaq.
Qalib 4 ən güclü klubun 2-ci raundda yeni mübarizəsindən sonra müəyyənləşəcək.
Qazanılan xallar olduğu kimi qalacaq: 3:0 və 3:1 hesabı ilə bitən oyunda 3, minimalda (3:2) 2 xal qeydə alınacaq. Uduzan kollektiv bu matçda aktivinə 1 xal yazdıracaq.
Super Liqa, 1-ci tur
17 oktyabr
“Rabitə” - “Telekom” - 3:0 (25:19; 25:20; 25:18)
“Azəryol” - “Azərreyl” - 3:2 (18:25; 25:18; 30:28; 21:25; 15:12)
“İqtisadçı” - “Lokomotiv” - 3:0 (25:15; 25:19; 25:22)