Olimpiya çempionunun şəxsi məşqçisi 65 illik yubileyini qeyd edir
1 aprel 2013 16:25

2012-ci il London Yay Olimpiya Oyunlarının qalibi Toğrul Əsgərovun şəxsi məşqçisi, “Şöhrət” ordenli, əməkdar məşqçi Elçin Zeynalovun bu gün 65 yaşı tamam olur. Azerisport.az xəbər verir ki, Elçin Zeynalov sərbəst güləş idman növü üzrə məşqçi-müəllim vəzifəsində çalışır.
Bir çox yetirməsi dünya birinciliyinin, Avropa birinciliyinin və Dünya Kubokunun qalibi və mükafatçıları olub. Elçin müəllimin yetirməsi Toğrul Əsgərov Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında sərbəst güləş üzrə qızıl medal qazanıb.
1973-cü ildə SSRİ idman ustası, 1989-cu ildə əməkdar məşqçi adlarına layiq görülən Elçin Zeynalov Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2008-ci il Sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı ilə tətlif olunub. Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2012-ci il Sərəncamı ilə ölkəmizdə güləş idman növünün inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeninə layiq görülüb.
Azərbaycan Güləş Federasiyasının rəhbərliyi və kollektivi 65 illik yubileyi münasibətilə Elçin Zeynalovu təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür, gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.