Akrobatların tarixi gümüş medalları

Ötən gün Çinin Putian şəhərində yekunlaşan akrobatika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında 12-18 və 13-19 yaş kateqoriyasında təmsil olunan Azərbaycan gimnastları 2 gümüş medal qazanıblar. Azerisport.az xəbər verir ki, vətənə ilk gümüş medalı, qarışıq hərəkətlər üzrə final mərhələsində 27.650 xal toplamaqla 2-ci yeri əldə edən Azərbaycanın qarışıq cütlüyü, Nurcan Cabbarlı – Ağasif Rəhimov (12-18 yaş) gətiriblər. Birinci yerə sahiblənən Rusiya dueti (28.000) bizim cütlüyü yalnız 0.35 xalla qabaqlayıb. 3-cü yeri isə Böyük Britaniya və Qazaxıstan təmsilçiləri (27.350) bölüşdürüblər.
Qarışıq cütlüyün ardınca gümüş medala Seymur Cəfərov və Murad Əkbərovdan ibarət kişi cütlüyümüz (13-19 yaş) qarışıq hərəkətlərə görə 27.500 xal toplamaqla layiq görülüvlər. 1-ci və 3-cü yerləri isə müvafiq olaraq Rusiya (28.050) və Böyük Britaniya (27.000) təmsilçiləri qazanıblar.
Avropa Yaş Qrupları Yarışlarından sonra 6 ay ərzində, həm bürünc medal əldə etmiş qarışıq cütlüyümüz öz proqramlarını mükəmməlləşdirərək Azərbaycan akrobatika tarixində bu növ yarışlarda ilk dəfə olaraq yüksək nəticəyə nail oldu, həm də kişi cütlüyümüz 2-ci mövqeyini artıq daha yüksək yaş kateqoriyasında (bundan əvvəl 12-18 yaş qrupunda çıxış edirdilər) qoruyub saxladı.
Belə irimiqyaslı yarışda ilk dəfə çıxış edən Azərbaycanın digər qarışıq cütlüyü Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı da yaxşı nəticə göstəriblər. Lakin qaydalara əsasən finalda hər ölkədən yalnız bir cütlüyün iştirakı mümkün olduğundan, təsnifat mərhələsində iki çıxışın yekununa əsasən 53.100 xal toplayan cütlüyümüz, öz yerini İspaniyaya verməli olub.