Qarabağ Avstriyada yağışa düşdü

"Qarabağ" Avstriyada təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, komandanın ilk məşqinin fitnes zalında baş tutduğu barədə məlumat vermişdik.
Günün ikinci məşqi isə yerli vaxtla 18:45-də (Bakı vaxtı ilə 20:45) meydançada baş tutub. Komandanın axşamkı məşqi yağışlı hava şəraitində davam edib. Məşqdən öncə futbolçularla kiçik toplantı keçirən baş məşqçi Qurban Qurbanov onlara uğurlar arzulayıb və yeni transfer Arif Daşdəmirovu komandaya təqdim edib. Toplanışa ötən gün qoşulan Riçard Almeyda, Reynaldo Silva və Migel Madera da axşam məşqində iştirak edib.
Məşqə yüngül fiziki hazırlıqla başlayan komanda daha sonra kross qaçışı ilə çalışmalarını davam etdirib. Sonda futbolçular toplu çalışmalardan yararlanıb.
Ağdamlıların bu gün də iki məşqi nəzərdə tutulub.