Kəpəz Gəncədə məşq etdi

Azərbaycan Premyer Liqasının 2-ci turunda Gəncə şəhər stadionunda AZAL-ı qəbul edəcək “Kəpəz” qarşıdakı oyunun hazırlığını başa vurub. Azerisport.az xəbər verir ki, matçla bağlı hazırlığın əsas hissəsini Bakıda keçirən “sarı-göylər” son məşqə Gəncədə çıxıb.
Görüşün keçiriləcəyi arenada reallaşan məşq prosesi saat 17:00-da başlayıb və təxminən 50 dəqiqə davam edib.
Mətbuat və azarkeşlər üçün açıq olan hazırlığı 100-ə yaxın fanat izləyib.
Yeri gəlmişkən qeyd edək ki, AZAL-la oyun üçün “Kəpəz”in heyətinə əvəzedici komandadan bir futbolçu cəlb olunub. 19 yaşlı Emin Zamanov əsas komandaya dəvət alıb. Yarımmüdafiəçi mövsümün əvvəlində “Qəbələ”dən icarəyə götürülüb və ötən tur məhz əyalət təmsilçisi ilə oyunda yeni komandasında debüt edib. Zamanovla yanaşı, Elcan Rəhimov da ilk “18-lik”də yer alacaq. Yeni çempionat üçün əsas komandaya sifariş olunan Rəhimov ötən mövsümdən baş məşqçi Şahin Diniyevin etimadını qazanıb.