Bakı-2015-in uğurları AOK Koordinasiya Komissiyasının sədri tərəfindən yüksək qiymətləndirildi

Bakı 2015, Avropa Olimpiya Komitələri (AOK) Koordinasiya Komissiyasının gələn il keçiriləcək Oyunlara ev sahibliyi edən şəhərə səfərindən sonra yüksək qiymətləndirilib. Azerisport.az xəbər verir ki, komissiyanın üzvləri yarış obyektlərinə səfər etmiş və Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) bir sıra şöbələrinin təqdimatları ilə tanış olmuşlar.
Onlar, həmçinin Bakı 2015-in yeni ofisinin Açılış mərasimində iştirak etmişlər. Tədbirdə Azərbaycan Respublikasının Gənclər və idman naziri və BAOƏK-in Baş icraçı direktoru cənab Azad Rəhimov açılış lentini kəsərək yeni ofisi rəsmən açıq elan etmişdir.
Son aylarda BAOƏK komandası tərəfindən əldə olunmuş bir sıra növbəti önəmli yeniliklər AOK Koordinasiya Komissiyasının sədri cənab Spiros Kapralosa xoş təsir bağışlayıb.
O söyləyib: “Bakıda möhtəşəm komanda var və bu səfər bizə ilk Avropa Oyunlarını dünya səviyyəli tədbirə çevirmək üçün çalışan strukturun yeni üzvləri ilə görüşmək imkanı verdi.
“Ötən bir il yarım müddətində əhəmiyyətli işlər görülüb və yeniliklər, xüsusilə də idman proqramı üçün göstərilmiş davamlı səylər müsbət təsir bağışlayır.
“Avropa Oyunları Avropa idmanı üçün tarix yazacaq və BAOƏK-in Avropanın ilk çoxnövlü qitə idman yarışlarına hazırlığında mükəmməl irəliləyişlərə davam etməsi çox vacibdir. Mən əminəm ki, bu tədbir Avropa idman azarkeşlərinin yaddaşında uzun müddət qalacaq.”
Cənab Azad Rəhimov əlavə edib: “Biz burada – Bakıda həyəcanın və gözləntinin artdığını hiss edirik. Biz əminik ki, gələn il Oyunlarda hər bir yarış məkanı elit Avropa idmanından zövq alan coşğun azarkeşlərlə dolu olacaq.
“Avropa Oyunları yalnız idman yarışlarının yeni erasını deyil, həm də qitədə dostluğu nümayiş etdirir.”
Bakı 2015 komandasının yüksək vəzifəli üzvləri Koordinasiya Komissiyasını biletlər, kommersiya sponsorluğu, yayım müqavilələri və idman proqramı məsələlərindəki inkişafla bağlı məlumatlandırıblar.
Bakı 2015-in Əməliyyatlar üzrə Baş direktoru cənab Saymon Kleq söyləyib: “Bakıda bir daha Koordinasiya Komissiyasının görüşünü keçirmək bizə onların son səfərindən sonra əldə olunmuş önəmli uğurlar haqqında məlumat vermək imkanı yaradıb.
“Avropa Oyunlarının Açılış Mərasiminə cəmi 281 gün qalıb və mən əminəm ki, Avropa Olimpiya Komitələrinin gözləntilərini doğruldacaq və Avropanı idmanda birləşdirəcək bir tədbiri keçirmək üçün bizim komandamız və imkanımız var.”
AOK Koordinasiya Komissiyasının sonuncu görüşü 2015-ci ilin fevral ayında baş tutacaq.