Patrik Hikki Bakı-2015-in qonağı oldu

Avropa Olimpiya Komitələrinin prezidenti cənab Patrik Hikkinin Bakıya növbəti səfəri bazar günü sentyabrın 21-də başa çatmışdır. Azerisport.az xəbər verir ki, səfər zamanı ona Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi tərəfindən işlərin gedişi barədə ən son məlumatlar verilmişdir.
Patrik Hikki gələn il keçiriləcək İlk Avropa Oyunlarına hazırlıqları müzakirə etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmişdir.
Prezident Hikki Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Avropa Oyunlarının Rəsmi Tərəfdaşı elan olunduğu tədbirdə Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Baş İcraçı Direktoru cənab Azad Rəhimovla yanaşı imzaatma mərasiminin xüsusi qonağı olmuşdur.
Beynəlxalq Olimpiya Komitələrinin Direktorlar Şurasının üzvü və İrlandiyanın Olimpiya Şurasının prezidenti cənab Hikki söyləyib: “Bakı 2015 komandası tərəfindən son aylar ərzində əldə edilmiş belə əhəmiyyətli irəliləyişi görmək məni hədsiz dərəcədə ruhlandırdı. Bu, inkişaf etdirilmiş və təkmilləşdirilmiş idman proqramı barədə son məlumatları almaq üçün dəyərli imkan idi.
“Mən əminəm ki, Bakı 2015 bütün dünya üzrə çox növlü idman yarışları standartını yaradacaq ilk Avropa Oyunlarının innovativ və mükəmməl surətdə keçirilməsi ilə bağlı bizim gözləntilərimizi doğruldacaq.
“Mən cənab nazir Azad Rəhimova, Əməliyyatlar üzrə Baş Direktor cənab Saymon Kleqə və bütün Bakı 2015 Avropa Oyunları komandasına mənə ayırdıqları vaxta və bir daha Azərbaycandakı qonaqpərvərliyə görə minnətdarlığımı bildirmək istərdim.”
Prezident Hikki təşkilatın yeni baş ofisinə gəlmiş və Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni terminalı ilə tanış olmuşdur.
ARDNŞ ilə Rəsmi Tərəfdaşlığa imzaatma mərasimində cənab Hikki beynəlxalq media üçün qitənin ilk çox saylı idman yarışı ilə bağlı Avropa Olimpiya Komitələrinin konsepsiyasını və Avropa Oyunlarına ev sahibliyi etməyin Azərbaycan üçün davamlı mənfəət gətirəcəyini açıqlayıb.
Bakı 2015-in Əməliyyatlar üzrə Baş Direktoru cənab Saymon Kleq deyib: “Prezident Hikkinin səfəri bizim üçün həmişə böyük şərəfdir və bu, bütün planlarımız barədə ona ən son məlumatları çatdırmaq üçün gözəl fürsət idi.
“AOK prezidentinin bizim işimizdəki irəliləyişlərlə bağlı əminliyi bizi daha da həvəsləndirir. Biz Avropa Oyunlarına doğru irəlilədikcə onun fikirləri və tövsiyələri bizim komandamızı bütün Avropanın fəxr edəcəyi idman tədbirinin keçirilməsinə ruhlandıracaq.”