Bakı-2015 Yaponiyanın yayım şirkəti ilə müqaviləyə imza atdı

Bu gün Bakı 2015 gələn ilin yayında keçiriləcək birinci Avropa Oyunlarının Yaponiyada yayımlanmasını təmin etmək məqsədilə Tokio Yayım Sistemi (TBS) Televiziyası ilə müqaviləyə imza atmışdır. Azerisport.az xəbər verir ki, pulsuz yayımlanan kanal bütün daxili, yaxud yerli platformalar üzrə 17 günlük yarışların, o cümlədən Açılış və Bağlanış mərasimlərinin, yarışların gündəlik parlaq məqamlarından seçilmiş video-materialların yayımlanması ilə bağlı müstəsna hüquqlarını təmin etmişdir.
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə Baş Direktoru cənab Saymon Kleq demişdir: “Avropa Oyunlarının Yaponiya bazarında təqdim edilməsini təmin etmək məqsədilə TBS Televiziyası ilə müqavilə imzalandığı üçün çox məmnunuq.
“İdmana həvəsli xalqın yaşadığı Yaponiyada Bakı 2015 Avropa Oyunlarına böyük marağın yaşanacağına inanırıq və oradakı idman azarkeşlərinin yarışlara baxa bilməsi olduqca xoşdur.”
TBS ümummilli şəbəkəyə, o cümlədən, ölkə üzrə 28 filiala malik olan kommersiya yayım şirkətidir. Şirkət, həmçinin, ümumi proqramlaşdırma peyk kanalı olan BS-TBS-ni və 24 saat xəbər xidməti göstərən NewsBird kanalını, eyni zamanda ümummilli radio şəbəkəsini idarə edir.
TBS 1997-ci ildən bəri Yaponiyada Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının Dünya Atletika Çempionatlarının eksklüziv yayım şirkətidir və Olimpiya və Qış Olimpiya Oyunlarını, FİFA Dünya Kubokunu və Asiya Oyunlarını əhatə edən Yapon yayım şirkətləri konsorsiumunun üzvüdür.
Yayım şirkəti Yaponiyada, eyni zamanda, peşəkar qolf üzrə “The Masters” turnirinin, Peşəkar Qolf Assosiasiyası Çempionatının, Əsas Beysbol Liqasının və Beynəlxalq Voleybol Federasiyasının Dünya Voleybol Çempionatının yayım xidmətini göstərir.
TBS Sports-un icraçı vitse-prezidenti cənab Masamiçi Amano demişdir: “Bakı 2015 Avropa Oyunları tarixi yarışlar olacaq və biz uzunmüddətli və məhsuldar olacaq tərəfdaşlığa başlamağımızla fəxr edirik.
"Biz birinci Avropa Oyunlarını və Bakı şəhərinin dünyaya təklif etdiklərini Yaponiyanın hər yerindəki tamaşaçılara təqdim etməyi səbirsizliklə gözləyirik.”
Bu, Bakı 2015 tərəfindən Ərəb Dövlətlərinin Yayım Birliyi ilə bağlanmış sazişdən sonra imzalanan növbəti müqavilədir. Həmin sazişlərə görə, Avropa Oyunları Orta Şərq və Şimali Afrika üzrə 20 ölkədə, eyni zamanda, L’Equipe 21 kanalı vasitəsilə Fransada yayımlanacaq.
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Kommersiya şöbəsinin direktoru cənab Çarli Viceratna demişdir: “Bu saziş Asiya yayım şirkəti ilə bağlanmış ilk müqavilədir və birinci Avropa Oyunlarının dünyanın beş qitəsində yayımlanmasını təmin etmək üçün mühüm addımdır.”