Azad Rəhimov: 150 milyon avro xərcləmişik

Bakıda keçiriləcək ilk Avropa Oyunlarının təşkilatçılığına xərclənən vəsait sonda açıqlanacaq. Bu barədə açıqlamanı Türkiyədə səfərdə olan Gənclər və İdman naziri Azad Rəhimov verib.
Azərisport.az xəbər verir ki, nazir indiyə qədər 150 milyon avro xərcləndiyini bildirib: "Dünyanın hər bir yerində müstəqilliyi yeni qazanan ölkələr tanınmaq istəyir. Azərbaycan 23 il əvvəl müstəqil oldu. Dünyaya özünü tanıtmağın yollarından biri idmandır. Ölkəmiz 2016 və 2020-ci illərində Yay Olimpiya Oyunlarını keçirtməyə namizəd olub. Eyni zamanda olimpiadalarda qazandığımız medalların sayı hər yarışda artır. Bakıda keçiriləcək Avropa Oyunlarında istifadə olunacaq obyektlərin inşası sona yaxınlaşır. Sonra biz həmin qurğularda test yarışları təşkil edəcəyik. 49 ölkədən 6000 qonağın, idmançının qəbul edilməsi üçün şərait hazırlanır. Xərclərə gəldikdə, hesabladığımız bəzi rəqəmlər dəyişə bilər. Bəzi məsrəflər artır, digərləri azalır. Çünki, xərcləri dəqiq söyləmək olmur. Hazırda bu günə qədər 150 milyon avro xərclənib. Xərclənən vəsait barədə sonda məlumat veriləcək".