Bakı-2015 xatirə markalarını təqdim etdi

Bu gün Bakı 2015 Avropa Oyunları gələn ilin yayında keçiriləcək birinci Avropa Oyunlarını qeyd etmək məqsədilə altı ədəd poçt markasının ilk buraxılışını təqdim etmişdir. Azerisport.az xəbər verir ki, rəngli markalar Bakı 2015 Avropa Oyunlarının keçiriləcəyi obyektlərindən altısını, o cümlədən, gələn il Açılış və Bağlanış Mərasimlərinin, eyni zamanda, Yüngül atletika yarışlarının keçiriləcəyi Milli Stadionu əks etdirən unikal bədii təsvirlərdir.
Təsvir olunan digər obyektlərə Tofiq Bəhramov Stadionu, Crystal Hall, Heydər Əliyev Arenası, Bakı Su İdmanı Mərkəzi və Milli Gimnastika Arenası daxildir.
Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini cənab İltimas Məmmədov demişdir: “Bu gözəl markalar gələn ilin yayında Bakıda elit idman növləri üzrə yarışların keçiriləcəyi bir sıra dünya səviyyəli obyektləri nümayiş etdirir.
Onlar gələn ilin yayında keçiriləcək və bütün Avropanı bir arada birləşdirəcək möhtəşəm idman tədbirindən gözəl xatirə olaraq bütün Azərbaycanda tanınacaq.”
Hər bir markanın dəyəri 60 qəpikdir. Gələn il keçiriləcək Bakı 2015 Avropa Oyunlarına daxil edilən hər bir 20 idman növünü əks etdirən təsvirlərin ikinci buraxılışı hazırlanacaq. Gələcəkdə 26 markanın hər birini bir arada əks etdirən üçüncü xatirə kitabı da buraxılacaqdır.
Azərbaycan Respublikasının Gənclər və İdman naziri, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Baş icraçı direktoru cənab Azad Rəhimov demişdir: “Markalar birinci Avropa Oyunları ilə əlaqədar olaraq buraxılacaq kolleksiya əşyalarının geniş hissəsini təşkil edir.
Əminəm ki, markalar gələcək illərdə təkcə möhtəşəm idman obyektlərimizi əks etdirən valehedici görünüşlərinə görə deyil, həm də bütün ölkənin Bakı 2015 Avropa Oyunlarına göstərdiyi dəstəyi əks etdirərək yaddaşlarda qalacaq".