Mehriban Əliyeva: Bizə olan güvəninizi boşa çıxarmadığımızı görəcəksiniz

Azərbaycan Respublikasının birinci xanımı, Bakı 2015 Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva Avropa Olimpiya Komitələrinin (AOK) Koordinasiya Komissiyasının üzvlərini bu yay baş tutacaq ilk Avropa Oyunları öncəsi Bakıya yekun səfərləri zamanı salamlayıb. Azerisport.az xəbər verir ki, AOK Koordinasiya Komissiyası Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin şöbələri tərəfindən yeniliklərlə tanış ediləcək və 5-6 fevral tarixlərində davam edəcək səfərləri zamanı yarış və qeyri-yarış obyektlərini gəzəcək.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva deyib: “Oyunlar Avropa idman tarixində önəmli hadisəyə çevriləcək və Azərbaycanın Avropa ailəsinin müstəqil, gələcəyə yönəlik bir üzvü kimi inkişafında böyük rol oynayacaq. Tarixdə ilk Avropa Oyunlarını həyata keçirmə şərəfini və məsuliyyətini öz boynumuza götürdük və bu gün və sabah bizə olan güvəninizi boşa çıxarmadığımızı görəcəksiniz".
Azərbaycan Respublikasının Gənclər və İdman naziri, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Baş icraçı direktoru cənab Azad Rəhimov da Koordinasiya Komissiyasına ünvanlanmış çıxışında 2014-cü ilin sentyabr ayındakı sonuncu səfərlərindən sonra əldə edilmiş irəliləyişlərlə bağlı məlumat verib. Cənab Azad Rəhimov deyib: “Bütün işlərimiz plan əsasında həyata keçirilsə də, çalışmağı əldən buraxmamalı və hazırlıqların dəqiqliklə yerinə yetirilməsində hər günün mühüm rol oynadığını bilməliyik. Biz ən yüksək standartlara cavab verən idman infrastrukturu təmin etmək istiqamətində irəliləyirik və mən bu planlarımızın Bakıda ilk Avropa Oyunlarının həyata keçirilməsi zamanı tətbiq ediləcəyindən əminəm".
Bakı 2015 Avropa Oyunlarının Marşrut Şəbəkəsi çərçivəsində Koordinasiya Komissiyasının üzvləri Bakı Atıcılıq Mərkəzi, Dağ Velosipedi Parkı, Heydər Əliyev Arenasına səfər etmiş və avtobusla Avropa Oyunları Parkının yanından keçərək müşahidə aparmışlar.
Bu tur Bakı 2015 Uniforma Akkreditasiyası və Paylama Mərkəzinin (UDAC) cənab Azad Rəhimov tərəfindən rəsmi şəkildə açılması ilə sona çatdı. Bütün “Alov qoruyanlar” - Bakı 2015-in Nar Mobile tərəfindən dəstəklənən könüllülər proqramının uğurlu namizədləri Oyunlardan əvvəl yeni binada qeydiyyatdan keçərək xüsusi dizayn edilmiş uniformalar əldə edəcəklər.
AOK Koordinasiya Komissiyasının sədri cənab Spiros Kapralos deyib: “Obyektlərə olan səfərdə dünya səviyyəli idman obyektlərinizdə olan inkişafı görmək və obyektlər arasındakı Marşrut Şəbəkəsi ilə tanış olmaq mən və mənim Komissiyam üçün əvəzolunmaz hiss idi. Uniforma Akkreditasiyası və Paylama Mərkəzinin (UDAC) rəsmi açılış mərasimində iştirak etmək bizim üçün çox xoş oldu. Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq deyib: “Biz dünya standartlarına uyğun Oyunlar həyata keçirmək üçün durmadan çalışırıq və AOK Koordinasiya Komissiyasının səfəri əldə etdiyimiz nəticələri Avropa idman ictimaiyyəti ilə paylaşmaq üçün əla imkandır. Koordinasiya Komissiyasının üzvlərini burada görmək və onları Bakı 2015-in obyektləri və Marşrut Şəbəkəsi ilə tanış etməkdən böyük məmnunluq duydum".