Rusiyanın qadın boksçuları özlərini Avropa Oyunlarının favoriti hesab edirlər
Onlar, gərgin rəqabətə baxmayaraq özlərini Bakı-2015 Avropa Oyunlarının ən güclüləri sırasında görürlər. Azerisport.az xəbər verir ki, Rusiya boksçusu Yaroslava Yakuşina "Vestnik Kavkaza" internet səhifəsinin Rusiya üzrə xəbərləri üçün video müsahibə verərkən bunları bildirib: "Zənnimcə biz ən güclü rəqib hesab edilməliyik".
Yakuşina həmkarları Anastasiya Belyakova və Sayana Saqataeva ilə birgə Bakı-2015 Avropa Oyunlarında Rusiyanı təmsil edəcək.
"Biz qələbə qazanmaq üçün iştirak edəcəyik və heç kimi özümüzdən daha qüvvətli hesab etmək düşüncəsinə belə fikrimizdə yol vermirik ", - deyə Yakuşina qeyd edib.
Rusiya komandası Bakı-2015 hazırlıqlarına 1-7 mart tarixlərində bu ölkə üzrə qadınlar arasında keçirilmiş boks çempionatından sonra başlayıb.
"Özümüzü kifayət qədər yaxşı hazırlayır və formaya salırıq", - deyə Belyakova bildirib.
Boksçular xüsusilə İrlandiya, İngiltərə və Fransa kimi ölkələrdən yüksək səviyyəli rəqabət gözlədiklərini qeyd ediblər.
"Biz, Avropa Oyunlarda iştirak etmək üçün ciddi seçim mərhələsindən keçmişik. Buna səbəb isə səkkiz çəki dərəcəsinə sadəcə səkkiz nəfərin düşməsidir. Zəif heyət Avropa Oyunlarında qələbə əldə edə bilməz, yarışlar kifayət qədər çətin olacaq", - deyə Saqataeva bildirib.
Belyakova Avropa Oyunlarının qalibləri kürsüsündə dayanmaq şansına nail olmağı səbirsizliklə gözləyir.
"Bu cür yarışlarda qələbə qazanaraq bütün həyatınız gözlərinizin qarşısında canlanır", - deyə Belyakova bildirib və belə əlavə edib: "Siz bu yarışlar üçün nə qədər hazırlaşdığınızı anlayırsınız. Nə qədər əsəb keçirdiyinizi, məşq etdiyinizi, səy göstərdiyinizi dərk edirsiniz”.
Belyakova sözünə belə davam edib: "Daha sonra siz ən yüksək pillədə dayandıqda Rusiya Federasiyasının milli himni səslənir. Bu, çox gözəl bir andır. Dərhal göz yaşları axır. Siz bu qələbə üçün əmək sərf etmiş, uzun müddət hazırlaşmışsınız".