Saqaluyev yenidən Bakıya gəlir
Birinci Avropa Oyunlarında iştirak edəcək Rusiya milli komandasının heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, şimal qonşumuz baş məşqçi Aleksandr Lebzyakın rəhbərliyi altında yarışda tam heyətlə çıxış edəcək.
Kişilərin turnirində 49 kq çəki dərəcəsində Bator Saqaluyev rinqə çıxacaq. Saqaluyev apreldə Bakıda keçirilən “Böyük İpək Yolu” turnirində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 23 yaşlı ulan-udeli boksçu son vaxtlar 49 kq çəki dərəcəsində Rusiya seçməsinin 1-ci nömrəsinə çevrilib.
52 kq çəki dərəcəsində Vasili Vetkin çıxış edəcək. Bu mövsüm WSB liqasında 4 görüşə çıxan Vetkin 3 qələbə qazanıb. Bu çəkidə ölkəmizi təmsil edəcək Elvin Məmişzadə rusiyalı boksçunu məğlub edə biləcək gücdədir.
Superağır çəki dərəcəsində Qasan Qimbatov mübarizə aparacaq. İlk dəfə 2013-ü ildə Rusiya çempionatında sensasion şəkildə qələbə qazanan boksçu ötən il də bütün rəqiblərini məğlub edib. Qimbatov 2013-cü ildə Rusiyanın 1-ci nömrəsi Maqomed Omarov üzərində qələbə qazanaraq, diqqət mərkəzinə düşüb. Gənc dağıstanlı boksçu Rusiyanın ən perespektivli boksçularından sayılır.
75 kq çəki dərəcəsində Rusiya komandasına Maksim Koptyakov medal qazandırmağa çalışacaq. 27 yaşlı idmançı 2011-ci ildə Ankarada keçirilən Avropa çempionatının qalibi olub. O, 2012-ci ildə London Olimpiadasına lisenziya qazana bilməyib.
Lebzyakın medal ümidlərindən biri də Aleksandr Besputindir. 69 kq çəki dərəcəsində çıxış edən boksçu 2013-cü ildə Minskdə Avropa çempionu olub. Rusiya milli komandasının üzvü ¼ finalda həmyerlimiz Tamerlan Abdullayevi məğlub etmişdi. Abdullayevin də Avropa Oyunlarında iştirak edəcəyini nəzərə alsaq, millimizin üzvü revanş ala bilər.
Rusiya millisinin heyəti
49 kq. Bator Saqaluyev
52 kq. Vasili Vetkin
56 kq. Baxtovar Nazirov
60 kq. Konstantin Boqomazov
64 kq. Maksim Dadaşev
69 kq. Aleksandr Besputin
75 kq. Maksim Koptyakov
81. Pavel Silyaqin
91 kq. Sadam Maqomedov
+91. Qasan Qimbatov