Bakı-2015 alovu Şabranda qarşılandı

Bakı 2015 alovu, iyunun 4-də Böyük Qafqazın Şimal-Şərqində, Bakıdan 123 km şimalda yerləşən Şabrana yol aldı. 56 mindən artıq əhalisi olan bu düzənlik-dağətəyi və dağlıq zonalardan ibarət rayonun ərazisi 1088 km2-dir. Ən hündür zirvəsi 2220 metr olan qədim Şabran palçıq vulkanları, müalicəvi mineral suları ilə də məşhurdur və 20 min 500 hektar zəngin meşə zolağı var.
Məşəl estafeti Məhəmməd Əmin Rəsulzadə küçəsində - şəhərin girişində Telman Bayramovun yürüşü ilə start götürdü. 2,33 km davam edən bu yürüşdə Hacıbala Rəşidov, Yasəf Quliyev, Elvin Bağırov, Nərmin Ağaməliyeva, Əbdülrəhim Qənbərov, Mahir Ağamalıyev, Rahib Babayev, Elmar Fərzəliyev və cüdoçu Asif Abdullayev iştirak etdilər.
Məmmədağa Nəzirov küçəsində tamamlanan estafet burada şəhər parkında quraşdırılmış səhnə önündə tamamlandı və məşəlçilər burada sürəkli alqışlarla qarşılandılar. Aparıcının dəvəti ilə sonuncu məşəlçi səhnəyə qalxaraq çırağı alovlandırdı.
Məşəl estafetin iştirakçısı olmuş Telman Bayramov təəssüratlarını belə bölüşdü: “Bu gün çox sevincliyik, axı, Avropa Oyunlarının məşəl karvanı rayonumuza təşrif buyurub. Onları qarşılamağımla, hələ üstəlik, məşəlçi olmağımla fəxr edirəm. Qarşıda bizi Bakı 2015 həyəcanı gözləyir. İnanıram ki, idmançılarımız etimadı dogruldub, ücrəngli bayrağımızı yüksəldəcəklər. Oyunlarda sambonun təmsil olunması da çox fərəhləndiricidir. Bu növün olimpiya oyunlarına yolunu da açmaq baxımından, məncə, çox vacib addımdır. Bu sahənin mütəxəssisi kimi əminəm ki, dörd çəkinin hamısında medalımız olacaq. İslam və Amil Qasımovlar titullu pəhləvanlarımızdır. Liderlər olan yerdə qətiyyətli fikir yürütmək olur. Həm də komanda möhkəm olur. Buna görə də samboçularımıza inanıram və Siz də onlara güvənin”.
Yerli sakinlər Bakı 2015-in şəhərə hədiyyəsi olan çırağın təqdim edilməsi mərasimini də hərarətlə qarşıladılar. Onu rayon ictimaiyyətinə gənc fəallardan Günel Zeynalova təqdim etdi.
Alov səyahətindən şəkillərə baxmaq, küçələrə axışan yerli sakinlərə qoşulmaq, Oyunlara aparan yolu işıqlandıran on məşəlçiyə azarkeşlik etmək, tədbirlərə qatılmaq istəyənlər www.flame.baku2015.com linkinə daxil ola bilərlər.
Bakı 2015-in məşəl estafeti bu gün, iyunun 5-də əvvəlcə Siyəzəndə, günün ikinci yarısında isə Xırdalan şəhərində qarşılanacaq.