Braziliyalı Romano qəlbən azərbaycanlıdır
Çimərlik voleybolçusu Bernardo Vermelincer Romano hər kəsə Azərbaycan bayrağının rənglərini tanıdır: "Bakı 2015-də çıxış etmək və çimərlik voleybolunu Olimpiya Oyunlarına daşımaq xəyalı mənim Azərbaycana gəlmək haqda qərar verməyim üçün vacib amil oldu".
Azerisport.az xəbər verir ki, bu fikirləri Azərbaycan çimərlik voleybol komandasının üzvü Bernardo Vermelincer Romano Çimərlik Arenasında keçirilmiş ilk təlim-məşqindən sonra səsləndirib.
Bernardo Vermelincer Romano həmkarı Neylton Santosla birlikdə 2013-cü ildə Braziliyadan Azərbaycana köçüblər. Həmin illəri xatırlayan Romano deyir ki, bu qərarı vermək elə də asan olmayıb: "Braziliyanı başqa bir ölkəyə dəyişdirmək çox çətin bir qərar idi. Lakin Braziliyada belə komandalar çoxdur. Digər tərəfdən, Beynəlxalq Çimərlik Voleybolu Federasiyası tərəfindən edilən bəzi dəyişikliklərə görə, bizim beynəlxalq turnirlərdə iştirak etmək şansımız çox az idi".
Dünya miqyaslı yarışlarda, həmçinin ilk Avropa Oyunlarında iştirak etmək arzusunu reallaşdırmaq məqsədilə Romano bu təklifi müsbət dəyərləndirib: "Mən artıq hər kəsə sarı və yaşıl rəng deyil, qırmızı, yaşıl və mavi rəng verirəm. Mənim bütün ailəm indi Azərbaycanı dəstəkləyir. Mən qəlbən azərbaycanlıyam".
Romanonun həyat yoldaşı onu dəstəkləmək üçün Bakıya gəlib. Lakin idmançı atasını dilə tuta bilməyib: "Atamın Bakıya gəlməsini çox istərdim. Amma o, təyyarədən qorxur. Mən onun gəlməsi üçün təkid etdim. Braziliyadan İstanbula 13 saat və oradan Bakıya 4 saat uçuş müddəti var. O, belə uzun müddət uçuşa heç cür razılıq vermədi".