Fellous əsas heyətlə Bakıya gəldiyinə görə xoşbəxtdir
Böyük Britaniyadan olan gimnast Çarli Fellous 2012-ci il London Olimpiya Oyunlarında iştirak hüququ qazanmaq üçün bir gün gec doğulub. Lakin onun doğum tarixi bundan yaxşı ola bilməzdi. Axı indi Fellous ilk Avropa Oyunlarında medallar qazanmağa hazırlaşır.
Fellous 1997-ci il yanvar ayının 1-də, London Oyunları üçün yaş həddinin başa çatdığı tarixdən bir gün sonra anadan olub. Amma idmançı buna görə narahat olmur:
"Bacarıqlarımı təkmilləşdirmək üçün daha dörd ilim var idi. Mən Olimpiya Oyunlarına düşsəydim, gənc olacaqdım və kifayət qədər təcrübəm olmayacaqdı. Deməli, hər işdə bir xeyir var. Bəzən yaxşı şeylərin baş verməsi üçün gözləməyə ehtiyac yaranır".
2014-cü ildə Çinin Nankin şəhərində keçirilən dünya çempionatında Britaniya komandasının ehtiyat heyətində yer alan Fellous deyib ki, o, Bakıdakı yarışlara əsas heyətdə yollandığına görə çox xoşbəxtdir.
"Mən Çində yaxşı çıxış etdim və əsas heyətə daxil edildim. Bunun üçün başqa bir qızla rəqib idim".
Fellous Bakıda medallar uğrunda yarışacaq Britaniya komandasında yeni roluna hazır olduğunu bildirib. Onun sözlərinə görə, komanda üzvlərindən biri səhv etsə, bu, bütün komandanı incidəcək:
"Hesab edirəm ki, bizim çox yaxşı şansımız var. Çünki komandamız güclüdür. Hamımız çoxnövçü olduğumuza görə, dörd hərəkətin hamısında çox güclüyük. Heç bir spesifik hədəfim yoxdur. Səhvsiz çıxış etməklə bərabər təmiz mübarizə aparmaq istəyirəm".
Fellous komandasının finaldakı sabit çıxışından olduqca razıdır. O, hesab edir ki, britaniyalı qızların bacarığı Milli Gimnastika Arenasında keçiriləcək komanda finalında onlara medal şansı qazandırır.