Qəbələ rəsmisi: Hədəfimiz 4 medaldır

“Qəbələ” İK-nın döyüş növləri üzrə koordinatoru Səbuhi Qarayev oyunlar ərəfəsində bu klubun idmançılarının şanslarını dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, "Qəbələ İK" qəzetinə açıqlamasında bunları söyləyib:
“Təmsilçilərimiz I Avropa Oyunlarına vəsiqə qazanıblarsa, sözsüz ki, hamısından medal gözləyirik. Məsul turnirdə nəticə qazanacaqlarına böyük inamımız var. Favoritlərimizin çox olması bunu deməyə əsas verir. Hədəfimiz 4 medaldır ki, onlardan 1-i əyarına görə qızıl olmalıdır. Şansımız gətirərsə, 5-6 medal qazana bilərik”.
Qeyd edək ki, titulları nəzərə alsaq, idmançıların medal şansı çox yüksəkdir. Məsələn, karateçilər Rafael Ağayev, Niyazi Əliyev və samboçu Amil Qasımov kişilər arasında son Avropa çempionatının qalibləridir. Amil həm də son dünya çempionudur. Məhəmməd Məhəmmədov may ayında keçirilən son dünya çempionatında iştirak edib. Bu idman növündə ən güclülərin asiyalılar olduğunu nəzərə alsaq, Məhəmmədin də medal qazanmaq şansı coxdur.
Samboçu qadınlar arasında böyük əksəriyyət “Qəbələ” təmsilçiləridir. Avropa çempionu Şəhanə Hüseynova öz çəkisində əsas favoritlərdən biri olaraq çoxlarından güclüdür. Son Qran-Pridə 3-cü yeri tutan Uşanqi Kokauri də hazırda yaxşı formadadır. Ən ağır çəkili cüdoçu medala real namizədlərdəndir. Təbii ki, qadın cüdoçu Kifayət Qasımovaya da böyük ümidlər var. Hər halda, o, Azərbaycanda ən titullu qadın cüdoçudur. Ümumiyyətlə isə belə yarışlarda zəif iştirakçı olmadığını və Bakiya bütün komandaların əsas heyətlə gəldiyini nəzərə alsaq, istənilən idmançı nəticə verə və ya büdrəyə bilər.
Bakı-2015 Avropa Oyunları maraqlı statistika ilə də diqqət çəkir. Rəqəmlər də oyunların möhtəşəm bir tədbir olduğunu sübut edir. Bunu oyunlara qatılacaq Olimpiya və dünya çempionlarının sayı da göstərir. “Bakı- 2015”də mübarizə aparacaq 6 minə yaxın atletdən 150-si Olimpiada mükafatçısıdır. Onlar arasında 4 ildən bir keçirilən möhtəşəm yarışın qalibləri üstünlük təşkil edir. Belə ki, 150 Olimpiya mükafatçısından 59-u çempionlardır. Bununla yanaşı, paytaxtımıza dünya çempionatlarının mükafatçıları da gələcək ki, onlardan da, təxminən, 200-ü mundialın baş mükafatının sahibləridir.