Kanalı üzüb keçən Sellars Xəzərdən də uğurla keçəcəyinə inanır
Bakı 2015-də yarışa başlayacaq ilk britaniyalı idmançı 10-luğa düşmək istəyir. Azerisport.az xəbər verir ki, böyük britaniyalı Hiter Sellars üçün Avropa Oyunlarındakı çıxışının əsas hissəsi - Bilgəh Çimərliyində kanal üzgüçülük mərhələsidir.
Triatlonçu Sellarsın belə düşünməyə əsası var. Çünki Avropa çempionu olan Sellarsın üzgüçülüyün sərt tələbləri ilə bağlı təcrübəsi olub.
24 yaşlı üzgüçü hələ 18 yaşında İngiltərə kanalını üzüb keçib. Britaniya ilə Fransa arasındakı boğazın necə təhlükəli olduğu isə hamıya məlumdur.
"Kanalı üzüb keçmək olduqca təhlükəli və çətin idi. Həmçinin, boğazda sular çox soyuq idi. Lakin bu nailiyyətim məni həmişə müşayiət edəcək" - Hiter Sellars.
Britaniyanın iki dəfə dünya çempionu olan Helen Cenkins zədəli olduğuna görə Bakı 2015-də iştirak etmir. Buna görə də, Sellars triatlon üzrə milli komandanı təmsil edəcək yeganə qadın yarışçı olacaq.
Xəzər dənizinin isti sularında məşq edəndən sonra Sellars düşünür ki, əvvəlki uğurunu bir də təkrarlaya bilər: "Əmin olmaq istəyirəm ki, yaxşı üzürəm. İlk onluğa düşsəm, bu, mənim üçün çox yaxşı nəticə olacaq. Ona görə də sudan çıxarkən liderlərin arasında olacağamı fikirləşirəm".
Sellars həmçinin Bakı 2015-də çıxışa başlayacaq ilk britaniyalıdır. Bu fakt onun çiyinlərinə böyük məsuliyyət qoyur.
“Bu, Avropa Oyunlarının ilk yarışıdır və mən Böyük Britaniya komandası heyətində yarışacaq ilk idmançıyam. Ona görə bir az gərginlik hiss edirəm", deyə Sellars bildirib və əlavə edib: "Ümid edirəm ki, bu mənə daha yaxşı çıxış etməyə kömək edəcək".