Almaniyalı çempionlar Avropa Oyunlarında birlikdə yarışacaqlar
Almaniyalı kayak cütlüyü Tina Ditz və Fransizka Veber Bakı 2015 Avropa Oyunlarında güclərini qayıqda birləşdirməkdən məmnundurlar. Azerisport.az xəbər verir ki, 500 metr məsafəyə kayak-cütlük yarışı üzrə London 2012-nin qalibləri 1 il əvvəl yollarını ayırdılar. Lakin Bakı 2015-də onlar yenidən birlikdə olacaqlar.
Olimpiya çempionları olaraq yenidən birləşən cütlük 500 metr məsafəyə kayak-cütlük yarışının favoritləri kimi Bakı 2015-də avarçəkmə yarışlarında iştirak edəcəklər. Bundan əlavə onlar 500 metr məsafəyə kayak-dördlük yarışılarında Almaniya komandasının şərəfini qoruyacaqlar.
Mingəçevirdəki yarışın şəraitinə uyğulaşmaq idmançılar üçün çətin olacaq. Kür İdman və Avarçəkmə Mərkəzindəki ilk məşqindən sonra Fransizka Veber bu haqda belə deyib: "Bu çılğınlıqdır. 1000 metr məsafəyə yarışların start xəttində sular soyuqdu və sən finişə yaxınlaşdıqca sular isinir. Sonlara doğru su daha ağır və keçmək daha çətin olur. Mən təcrübəmdə heç vaxt belə bir şeylə qarşılaşmamışam. Yaxşı cəhəti oyunun ədalətli olacağıdır, çünki bütün idmançılar üçün eyni şərait mövcud olacaq".
Çexiya Respublikasının Rasis şəhərində keçirilən 1000 metr məsafəyə kayak-təkbətək yarışında Veber qızıl medala sahib olmuşdu. Bakıda keçirilən birinci Avropa Oyunlarından sonra o, Milanda dünya çempionatında da iştirka edəcək.
Qeyd edək ki, üç günlük kayak yarışları 14 iyun tarixində Mingəçevir şəhərində başlayacaq.