Rafiq Hüseynov: Hədəfim qızıl medal qazanmaq idi
"Birinci Avropa Oyunlarına ciddi hazırlaşmışdım. Ancaq yorğunluq sonda özünü göstərdi".
Azerisport.az xəbər verir ki, bu sözləri ilk Avropa Oyunlarının yunan-Roma güləşi yarışlarında gümüş medal qazanan Azərbaycan güləşçisi Rafiq Hüseynov deyib.
Güləşçi bildirib ki, səkkiz ay ərzində "Bakı-2015"-ə ciddi hazırlıq keçmişəm. Federasiya tərəfindən bizim üçün hər cür şərait yaradılmışdı. Hədəfim qızıl medal qazanmaq idi. Buna baxmayaraq tarixdə ilk dəfə təşkil olunan birinci Avropa Oyunlarının mükafatçıları sırasında yer aldığım üçün özümü xoşbəxt hiss edirəm.
Onun sözlərinə görə, son 8 ay ərzində Avropa Oyunlarına hazırlaşıb və bu səbəbdən ailə üzvlərini demək olar ki, görməyib. Ona görə də Avropa Oyunlarının mükafatçısı çox danışmadan körpə oğlunu qucağına alaraq sevincini ailəsi ilə bölüşməyə tələsib.
Qeyd edək ki, 80 kq çəki dərəcəsində mübarizə aparan Rafiq Hüseynov yalnız final qarşılaşmasında Rusiya güləşçisinə məğlub olaraq 2-ci yerin sahibi olub. Finaladək isə güləşçimiz bütün rəqibləri üzərində vaxtından əvvəl tam qələbə qazanıb.