Avropa Oyunlarında favorit boskçular
Birinci Avropa Oyunlarında boks yarışlarına iyunun 16-da start veriləcək. Azerisport.az xəbər verir ki, kişilərin turniri 10, qadınların yarışı isə 5 çəki dərəcəsində keçiriləcək. Avropa Oyunlarında ilk 3 yeri tutan kişi boksçular oktyabrda Qatarda təşkil olunacaq dünya çempionatına vəsiqə qazanacaqlar. Avropa Oyunlarında kişilərin yarışında 220, qadınlarda isə 66 idmançı mübarizə aparacaq. Ümumilikdə yarışda 41 ölkənin təmsilçiləri gücünü sınayacaq.
Olimpiya, beşqat dünya və altıqat Avropa çempionu Keti Teylor Bakıda da favoritlərdən sayılır. 28 yaşlı İrlandiyalı boksçunun 60 kq çəki dərəcəsində əsas rəqibləri rusiyalı dünya çempionu Zinaida Dobrınina və milli komandamızın üzvü Yana Alekseyeva olacaq.
Bu dəfə 64 kq çəki dərəcəsində çıxış edəcək Avropa çempionu Yelena Vıstropovanın qızıl medal uğrunda əsas rəqibi rusiyalı dünya çempionu Anastasiya Belyakova sayılır.
London Olimpiya Oyunlarının qalibi Nikola Adams zədə səbəbindən son dünya çempionatında çıxış edə bilməyib. 51 kq çəki dərəcəsində mübarizə aparan britaniyalı boksçu bir il əvvəl Avropa çempionatında uduzduğu Stoyka Petrovadan (Bolqarıstan) revanş almaq istəyir.
Kişilərin yarışında rusiyalı Avropa çempionları Aleksandr Besputin (69 kq) və Maksim Koptyakov (75 kq) öz çəkilərində favorit sayılırlar. Rusiya komandasının heyətində Bator Saqaluyev (49 kq), gənclər arasında Avropa çempionu Vasili Vetkin (52 kq) və bir çox beynəlxalq turnirlərin qalibi Bəxtovar Nazirov (56 kq) da Bakıya iddialı gəliblər.
İtaliyalı Valentino Manfredonia (81 kq) WSB liqasında fərdi reytində 1-ci olaraq Rio de Janeyro Olimpiadasına vəsiqə qazanıb. İstedadlı italiyalı boksçuya Avropa Oyunlarında qalib gəlmək asan olmayacaq. Onun çəkisində həmyerlimiz Teymur Məmmədovdan başqa, gənclər arasında Avropa çempionu Aleksandr Xiznyak (Ukrayna), qitə çempionatının gümüş mükafatçısı Peter Müllenberq (Hollandiya), Pavel Silyagin (Rusiya) kimi güclü boksçular var.
Milli komandamızın üzvü, 2 qat dünya və Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov (+91 kq) turnirin ən güclülərindən hesab edilir. Onun əsas rəqiblərindən biri kimi britaniyalı Cozef Coysun adı çəkilir.