Toğrulla Xetaq çempion oldu, Cəbrayıl bürünc medal qazandı

Tarixdə ilk dəfə təşkil edilən Avropa Oyunları çərçivəsində güləş yarışları 13-18 iyun 2015-ci il tarixdə Heydər Əliyev adına İdman Sarayında keçirilir. Azerisport.az xəbər verir ki, yarışların ilk iki günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz iki dəst medal qazanıb. Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) qızıl, Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Elman Muxtarov (59 kq) və Həsən Əliyev (66 kq) bürünc medala sahib olub.
Qadın güləşçilərin yarışında güləşçilərimiz 2 qızıl və 1 bürünc medal qazanıb. Qızıl medalları yığmamıza Mariya Stadnik (48 kq) və Anjela Doroqan (53 kq), bürüncü isə Nataliya Sinişin (55 kq) qazandırıb.
Sərbəst güləş yarışlarının ilk günündə 57, 65, 74 və 97 kq çəkidə pəhləvanlar mübarizə aparıb. Güləşçilərimiz günü 2 qızıl və 1 bürünc medalla başa vurub.
57 kq çəkidə mübarizə aparan Yaşar Əliyev yarışa Fransadan Zoheir El Ouarraqe və Ermənistan idmançısı Qarik barseqyan üzərində inamlı qələbə ilə başlayıb. Yarımfinalda Rusiya idmançısı Viktor Lebedevlə gərgin keçən görüş rəqibin üstünlüyü ilə tamamlanıb. Bürünc medal uğrunda həlledici görüşdə güləşçimiz Türkiyə təmsilçisi Sezer Akgülə uduzub və Avropa Oyunlarını beşinci sırada tamamlayıb.
65 kq-da mübarizə aparan Olimpiya çempionumuz Toğrul Əsgərov finala qədər maneəsiz irəliləyib. İlk olaraq Rusiya təmsilçisi İlyas Bekbulatovu gərgin keçən görüşdə mübarizədən kənarlaşdıran güləşçimiz, daha sonra Moldovadan Mihail Sava, Fransadan Maxime Fiquet, yarımfinalda isə Belarus Azamat Kurikau üzərində inamlı qələbə qazanıb. Qızıl medal uğrunda son görüşdə Toğrulun rəqibi İtaliyadan Frank Çamizo olub. Rəqibi üzərində tam üstünlüklə qələbə qazanan Toğrul Əsgərov ilk Avropa Oyunlarının qızıl medalına sahib olub.
74 kq çəkidə yarışan Cəbrayıl Həsənov ilk görüşdə macar Mihaly Nagy üzərində qələbə qazansa da, ikinci görüşdə Türkiyə idmançısı Söner Demirtaşa məğlub olub. Rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılan Cəbrayıl Finlandiya idmançısı Henri Seleniusu mübarizədən kənarlaşdırıb. Həlledici görüşdə Bolqarıstan təmsilçisi Kiril Terzievə də heç bir şans verməyən Cəbrayıl qələbə qazanıb və Avropa Oyunlarının bürünc medalına sahib olub.
Yığma komandamızın kapitanı Xetaq Qazyumov (97 kq) mübarizəyə təsnifat mərhələsindən qoşulub. Ardıcıl olaraq Polşadan Radoslav Baran, Moldovadan Nikolay Ceban, Belarusdan İbrahim Saidaunu mübarizədən kənarlaşdıran Xetaq Qazyumov yarımfinalda Rusiya idmançısı Abdusalam Qadisov üzərində inamlı qələbə qazanıb və finala yüksəlib. Finalda güləşçimizin rəqibi gürcü idmançısı Elizbar Odikadze olub. Ancaq Xetaq bu rəqibin öhdəsindən layiqincə gəlib və Avropa Oyunlarının qızıl medalını qazanıb.
57 kq
1/8 final - Yaşar Əliyev - Zoheir El Ouarraqe (FRA) 9:4
1/4 final - Qarik Barseqyan (ARM) - Yaşar Əliyev 6:10
1/2 final - Yaşar Əliyev - Viktor Lebedev (RUS) 1:3
Bürünc medal görüşü - Sezer Akgul (TUR) - Yaşar Əliyev 8:3
65 kq
1/16 final - İlyas Bekbulatov (RUS) - Toğrul Əsgərov 7:8
1/8 final - Mihail Sava (MDA) - Toğrul Əsgərov 0:10
1/4 final - Maxime Fiquet (FRA) - Toğrul Əsgərov 0:10
1/2 final - Toğrul Əsgərov - Azamat Nurikau (BLR) 7:2
FİNAL - Frank Çamizo (İTA) - Toğrul Əsgərov 0:5 (təmiz qələbə)
74 kq
1/8 final - Mihaly Nagy (HUN) - Cəbrayıl Həsənov 0:10
1/4 final - Söner Demirtaş (TUR) - Cəbrayıl Həsənov 5:3
Təsəlliverici görüş - Henri Selenius (FİN) - Cəbrayıl Həsənov 0:11
Bürünc medal görüşü - Cəbrayıl Həsənov - Kiril Terziev (BUL) 9:0
97 kq
1/16 final - Radoslav Baran (POL) - Xetaq Qazyumov 0:10
1/8 final - Nikolay Ceban (MDA) - Xetaq Qazyumov 0:4
1/4 final - Xetaq Qazyumov - İbrahim Saidau (BLR) 2:1
1/2 final - Abdusalam Qadisov (RUS) - Xetaq Qazyumov 2:4
FİNAL - Elizbar Odikadze (GEO) - Xetaq Qazyumov 1:3