Bakı-2015: Kişilərin qrup ötüşməsi başa çatdı

Bu gün Bakı-2015 ilk Avropa Oyunlarının şosse velosipedi yarışlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, bu dəfə kişilər arasnda qaliblər müəyyənləşib. 124 idmançının mübarizə apardığı yarışın start və finiş nöqtəsi Azadlıq Meydanında olub.
Azərbaycan bu növdə 3 idmançı ilə təmsil olunmalı idi. Lakin onlardan yalnız ikisi start xəttinə çıxıb - bunlar Elçin Əsədov və Samir Cəbrayılovdur. Yığma komandamızın lideri Maksim Averin isə zədə səbəbindən mübarizəyə qoşulmayıb.
Yarışın qalibi adına ispaniyalı Luis Leon Sançes Xil yiyələnib. O, 215.8 km məsafəni 5 saat, 27 dəqiqə, 25 saniyəyə qət edib. Çempionla eyni göstəriciyə imza atan ukraynalı Andrey Qrivko və çexiyalı Petr Vakoç isə müvafiq olaraq 2-3-cü yerləri tutublar. Qaliblərə mükafatı Avropa Velosipedçilər Birliyinin prezidenti David Lappartien və Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov təqdim edib.
Təmsilçilərimizdən Samir Cəbrayılov finişə çata bilməyib. Məsafəni 5 saat, 42 dəqiqə, 25 saniyəyə qət edən Əsədov isə 55-ci olub.