Qala klubuna texniki məğlubiyyət şoku
2 dekabr 2011 13:56

Azərbaycan Basketbol Federasiyasının (ABF) İntizam Komissiyasının iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda “NTL-Tudor” klubu tərəfindən verilmiş etiraza baxılıb.
Müzakirələrdən sonra 19-cu Azərbaycan çempionatının 1-ci turu çərçivəsində keçirilmiş “NTL-Tudor” – “Qala” oyununun nəticəsi ləğv edilin və qələbə “NTL-Tudor” komandasına verilib. Buna Rasim Ağarzayevin adının “AzTU” komandasının sifariş ərizəsində olduğu halda “Qala”nın heyətində çıxış etməsi səbəb olub.
Ümumilikdə, bu məsələ ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
1. Oyunçu Rasim Ağarzayev birinci dəstədə çıxış etmiş və yüksək dəstədə oynamaq hüququ qazanmış "AzTU" basketbol komandasının (hazırki adı "Çağ Öyrətim") sifarişinə daxil olunduğunu nəzərə alaraq, onun "Qala" komandasının tərkibində çıxış etməsi "Basketbol üzrə kişilər arasında XIX Azərbaycan çempionatının keçirilməsi" haqqında Reqlamentin və Əsasnamənin müddəalarına zidd olduğu təsdiq edilsin.
2. XIX Azərbaycan çempionatının I tur çərçivəsində "NTL-Tudor" - "Qala" komandaları arasında oyunun nəticəsi ləğv edilsin, "NTL-Tudor" komandasına 2:0 hesabıyla qələbə, "Qala" komandasına isə məğlubiyyət verilsin.
3. Oyunçu Rasim Ağarzayev Azərbaycan çempionatının növbəti 1(bir) oyuna diskvalifikasiya edilsin.
4. Oyunçu Rasim Ağarzayev diskvalifikasiyadan sonra icazə verilmiş keçidə qədər "Çağ Öyrətim" komandasının tərkibində Azərbaycan çempionatında iştirakına icazə verilsin.
5. Oyunçu Rasim Ağarzayevın "Çağ Öyrətim" komandasından digər bir komandaya keçidə "Basketbol üzrə kişilər arasında XIX Azərbaycan çempionatının keçirilməsi" haqqında Reqlamentin və Əsasnamənin müddəalarına əsasən çempionatın birinci dairəsindən sonra baxılacaq.