İki azərbaycanlı Türkiyə klubunda
26 dekabr 2011 14:01

Artıq üç ildi ki, Türkiyənin “Anadolu Efes” idman klubu azərbaycanlı basketbolçularla yaxından maraqlanır. Azerisport.az xəbər verir ki, bu günlərdə qardaş ölkənin sözügedən klubu Azərbaycanın 14 yaşadək yığmasının iki üzvünü heyətinə qatmağa hazırlaşır.
Artıq Eldar Poladxanovla Sabir Rüstəmov Azərbaycan Basketbol Federasiyasının baş meneceri Levent Türknasla birgə İstanbula yollanıb. Beş gün ərzində basketbolçularımız “Anadolu Efes”in gənclərdən ibarət komandasında olublar.
Qeyd edək ki, yaşlarının az olmasına baxmayaraq, hər iki basketbolçumuz kifayət qədər yaxşı boya malikdi. Belə ki, Poladxanov 190, Rüstəmov isə 197 sm-di.
Bu məsələyə münasibətini açıqlayan Levent Türknas bunları dilə gətirib: “Bu təkliflər bir daha göstərir ki, azərbaycanlı basketbolçuları Türkiyə və Avropada izləyirlər. Bu gənclər Azərbaycan basketbolunun gələcəyidilər. Belə uşaqlar Azərbaycanda az deyil. Biz artıq Türkiyədən qayıtmışıq. İndi türklərin yekun qərarını gözləyirik”.