Federasiya təsdiqlədi: Hakimlərlə bağlı problemlər var
11 aprel 2012 01:42

Azərbaycan Basketbol Federasiyasının qərargahında rəhbərliyin iştirakı ilə hakimlər kollegiyasının geniş iclası keçirilib. Azerisport.az xəbər verir ki, hakimlər kollegiyasının işi haqqında kollegiyanın sədri, beynəlxalq dərəcəli hakim Ələkbər Həsənov məruzə ilə çıxış edib.
Federasiyanın vitse–prezidenti Azər Qədirov, məşqçilər şurasının sədri Elxan Əliyev və Azərbaycan çempionatının baş hakimi Valeri İsayev qeyd ediblər ki, ölkə daxilində keçirilən müxtəlif səviyyəli yarışlarda hakim çatışmazlığı göz qabağındadır, bu da öz növbəsində oyunların keyfiyyətinə mənfi təsir göstərir. Daha sonra hakimlərlə bağlı problemlərin olduğu vurğulanıb, bu sahədə ciddi islahatların vacibliyi xüsusi qeyd edilib. Federasiya rəhbərliyinin sözlərinə görə, gənc hakimlərin yetişdirilməsi, onların ingilis dilinə yiyələnərək beynəlxalq səviyyəyə çıxarılması, Avropa Basketbol Federasiyasının mütəxəssislərinin iştirakı ilə ölkəmizdə hakimlik seminarlarının təşkili gündəlikdə duran əsas məsələlərdəndi.
Yekunda hakimlərin işinin səmərəsini artırmaq məqsədi ilə kollegiya tərəfindən təkliflərin hazırlanaraq aprelin 15-dək federasiya rəhbərliyinə baxılmaq üçün təqdim edilməsi qərara alınıb.