Nik Caner-Medley: Mən Azərbaycan yığmasını gücləndirə bilərəm
19 aprel 2012 14:30

Milli basketbol federasiyasının baş meneceri Levent Türknaz və Azərbaycan yığmasının baş məşqçisi Elxan Əliyev “Europe Cup” turnirinin dördlər finalı keçirildiyi Rusiyadan qayıdıblar. Azerisport.az xəbər verir ki, turnirdə təmsilçilərimiz “Valencia”nın və Azərbaycan yığmasının oyunçusu Nik Caner-Medley ilə görüşüblər. Nik Caner-Medley yığmamıza dəvətdən məmnundur.
“Azərbaycan yığması mənim üçün yeni çağırışdır. Bu komandada oynayacağıma şadam. Nəzərə alsaq ki, hər hansı yığmada ilk çıxışım olacaq, bir az həyəcan da keçirirəm. Düşünürəm ki, çıxışım komandanı ancaq gücləndirəcək”, deyə Caner-Medley bildirib.
Əlavə edək ki, avrokubokun yarımfinalında “Valencia” Litvanın “Letovus Ritas” klubunu (80:70) məğlub edib. Finalda isə “Ximki”yə (68:77) məqlub olub. Caner-Medley finalda 23 xal toplayıb, 11 toplam edib. Yekunda isə avrokubokun beş ən yaxşı basketbolçusu siyahısına daxil olub.
Xatırladaq ki, Avropa çempionatını seçmə mərhələsinə hazırlıq çərçivəsində Azərbaycan yığması Türkiyədə təlim-məşq toplantısına qatılacaq. Caner-Medley də bu toplantıya dəvət alıb. Həmçinin yığmamıza legionerlər – Ceysi Kerrol (Real Madrid, İspaniya) və Çak Devis (Banvita, Türküyə) də dəvət alıblar.