Araz Naxçıvan finalda yenə Qalaya uduzdu
12 may 2012 18:17

Bu gün Heydər Əliyev adına İdman-Konsert Kompleksində basketbol üzrə Azərbaycan çempionatının final mərhələsində növbəti oyun keçirilib. Azerisport.az xəbər verir ki, “qızıl” axtarışında olan “Araz Naxçıvan”la “Qala” üçüncü final görüşünə çıxıb.
“Qala” bu oyunda da qələbə qazanıb - 90:82. Nəticədə, Elxan Əliyevin yetirmələri final görüşlərindəki qələbə sayında önə keçiblər.
Maraq üçün xatırladaq ki, bu komandalar arasındakı ilk final oyununda qələbə qazanan (100:85) naxçıvanlılar olmuşdular. Lakin ikinci görüşdə “Qala” 83:79 hesablı qələbəyə sevinmişdi.
Qeyd edək ki, çempion 3 qələbə seriyası yaxalayan komanda olacaq. Belədə “Qala”ya növbəti görüşdə qazanılacaq qələbə qızıl medalları qazandırmış olacaq.