Azərbaycan millisi İstanbulda təlim-məşq toplanışındadı
3 avqust 2012 02:08

Basketbol üzrə kişilərdən ibarət Azərbaycan milli komandası İstanbulda təlim-məşq toplanışındadı. Azerisport.az xəbər verir ki, Avropa çempionatının təsnifat oyunları ərəfəsində keçirilən yekun toplanışa amerikalı basketbolçularımız Ceysi Keroll, Kaner Medli, Çak Devis, Türkiyə və Kanadada oynayan həmvətənlərimiz Orhan Aydın ilə Əli Əsgərov da qoşulublar.
Avqustun 14-dək davam edəcək təlim-məşq zamanı baş məşqçi Elxan Əliyevin yetirmələri bir neçə yoldaşlıq görüşü keçirəcəklər. Gürcüstanın “Armiya”, Ukraynanın “Odessa” və Türkiyənin ikinci yığma komandası ilə yoldaşlıq oyunlarının keçirilməsi nəzərdə tutulub.
Təlim-məşq toplanışından sonra millimiz avqustun 15-də Avropa çempionatının təsnifat mərhələsində iştirak etmək üçün Lüksemburqa yollanacaq.