AzTOP həlledici oyunda uduzub, ikinci oldu
12 may 2013 15:19

Mingəçevirdəki “Kür” İdman-Sağlamlıq Mərkəzində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş basketbol üzrə beynəlxalq turnir başa çatıb. Azerisport.az xəbər verir ki, yarışda ölkə çempionu “Qala-Atena”, “Gəncə”, AzTOP və Rusiyanın Şimali Qafqaz Universitetinin (Stavropol) komandası birincilik uğrunda mübarizə aparıb.
Yarışın son turu çərçivəsində Rusiyanın Şimali Qafqaz Universitetinin kollektivi AzTOP üzərində 70:67 hesabı ilə qalib gələrək, turnirin qalibi adını qazanıb. AzTOP isə ikinci yerlə kifayətlənməli olub.
“Qala-Atena” da “Gəncə” kollektivindən 78:61 hesabı ilə üstün olub. Bu üzdən də “Qala-Atena” üçüncü yerlə kifayətlənib.
Yarış çərçivəsində basketbolun 3x3 növü üzrə nümunəvi çıxışlar da təqdim olunub. Qeyd edək ki, 3x3 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarının proqramına daxildir.