Qəbələdə möhtəşəm boks gecəsi
14 dekabr 2013 20:08
Azərbaycanın peşəkar boksçusu Fariz Məmmədov bu gün IBF və WBO versiyaları üzrə Avropa kəməri uğrunda döyüşdə almaniyalı Matias Pelklə üz-üzə gələcək. Azerisport.az xəbər verir ki, Qəbələ Olimpiya İdman Kompleksində təşkil olunacaq şou gecəsi saat 21:10-da başlayacaq.
Öncə rinqə +91 kq-da mübarizə aparan yerli idmançı Elçin Əhmədovla latviyalı Janis Ginters çıxacaqlar. Bu rəqabət 4 raund olacaq. Sonra 6 hissəli mücadilədə Vüsal Əliyev (Azərbaycan) albaniyalı boksçu Armand Qullhayla (72,5 kq) qarşılaşacaq. Daha sonra Rəşad Kərimov (Azərbaycan) 6 raundluq görüşdə kuba təmsilçisi Migel Velozonu (79,8 kq) sınağa çəkəcək. Sözügedən qarşılaşmalar reytinq xarakterlidi.
Bu gün +91 kq-da daha bir döyüş baş tutacaq. WBCA İnterkontinental kəməri uğrunda mübarizədə Roman Qolovaşçenko (Ukrayna) ilə Yaqub Sağlam (Türkiyə) üz-üzə gələcəklər. Bu sınaq da 12 raund olacaq.
Fariz Məmmədovla Matias Pelk arasında 12 raundluq döyüş isə, saat 23:00-da start götürəcək. Mütəxəssislərin şərhinə görə, bu qarşılaşma Avropa boks ictimaiyyətinin diqqət mərkəzindədir.