Baku Fires Cuba Domaderosə qarşı: çəki mərasimi baş tutdu
10 yanvar 2014 14:29
Bu gün Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) 5-ci turunun “Baku Fires” (Azərbaycan) və “Cuba Domaderos” komandaları arasında keçiriləcək matça həsr olunmuş çəki mərasimi və mətbuat konfransı keçirilib. Azerisport.az xəbər verir ki, əvvəlcə boksçuların çəki mərasimi olub. WSB supervayzeri Helmut Ranze bildirib ki, sabah çox maraqlı 5 döyüş keçiriləcək. O, çəki prosessində hər hansı problemin yaranmadığını bildirib.
“Baku Fires” klubunun baş meneceri Rizvan Gənciyev rəqibin yetərincə güclü olduğunu, amma bu komandamızın boksçularını qorxutmadığını vurğulayıb: “Kubanın dünya boksundakı nüfuzu hər kəsə bəllidir. Bu dəfə “Cuba Domaderos”un heyətində olimpiya çempionu, dünya çempionatlarının mükafatçıları var. Amma bizim komanda da yaxşı hazırlıq keçib. Mən boksçularımıza inanıram. Ötən ay Meksika komandasını Qubada məğlub etdik. Bu dəfə də yerli azarkeşləri sevindirmək istəyirik. Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov komandamız üçün hər bir şərait yaradıb. Sabah Olimpiya çempionunu məğlub edən boksçumuza 2 qat mükafat verəcəyik. Amma görüşdən öncə psixoloji cəhətdən rəqibə uduzan idmançını cəzalandıracağıq. Əgər boksçu canını qoyursa, amma müəyyən səbəblərdən məğlub olursa, bunu başa düşmək olar”.
“Cuba Domaderos” komandasının baş məşqçisi Rolando Açebal Montes “Baku Fires”i qrupun ən güclü komandalarından biri kimi xarakterizə edib: “Sabah iki güclü komandanın döyüşü olacaq. Biz hər qarşılaşmaya qələbə üçün çıxırıq. Buna qədər 4 görüşün hamısında qalib gəlsək də, bu bizi arxayınlaşdırmır. Bizi yalnız 5:0 hesablı qələbə qane edə bilər”.
91 kq çəki dərəcəsində rəqibin heyətində mübarizə aparacaq Erislandi Savon indiyə qədər dünya çempionatlarında həm Məhəmmədrəsul Məcidova, həm də Teymur Məmmədova məğlub olub. Bu dəfə isə Denis Latipov Savonu dayandırmağa çalışacaq.
Latipov Məcidovdan müəyyən məsləhətlər aldığını deyib: “Məcidov Savonun güclü və zəif tərəfləri barədə danışdı. Amma əslində kubalı boksçunu əvvəlcədən də tanıyırdım. 2011-ci ildə Çexiyada beynəlxalq turnirdə üz-üzə gəlmişdik. Həmin vaxt 4 xal fərqlə Savona uduzdum. Bu dəfə isə revanş arzusundayam”.
“Baku Fires” klubunun baş meneceri Rizvan Gənciyev gənc idmançılara da ciddi önəm verdiklərini vurğulayıb: “Dünən start götürən gənclər arasında Azərbaycan birinciliyində 10 boksçumuz gücünü sınayır. 8-ci km qəsəbəsində zal icarəyə götürmüşük. Cavid Tağıyev və Oqtay İbrahimovun rəhbərliyi altında 30-a yaxın gənc orada məşq edir. İçərilərində perespektivli uşaqlar da var. Müxtəlif beynəlxalq turnirlərdə mükafatçılar sırasına düşüblər. Bir neçə ildən sonra nəsil dəyişməsi olacaq. Və həmin gənclər ön plana keçəcəklər. Əsas hədəflərimizdən biri də Braziliya Olimpiadasına yaxşı hazırlaşmaqdır. Federasiya prezidenti qarşımıza planetin ən böyük yarışında qızıl medal qazanmaq tapşırığı qoyub”.
Komandaların heyətləri:
Baku Fires – Cuba Domaderos
49 kq. Xamza Nametov – Yosbani Veita
56 kq. Məhəmməd Qurbanov – Robeysi Ramirez
64 kq. Heybətulla Hacəliyev – Yasiner Toledo
75 kq. Xaybulla Musalov - Ramon Luis
91 kq. Denis Latipov – Erislandi Savon