Nuripaşa Talibov: Bu heyətimiz daha güclüdür
“Baku Fires” klubunun baş məşqçisi Nuripaşa Talibov “Cuba Domaderos”la döyüşün çox gərgin və maraqlı keçdiyini bildirib. Azeriport.az xəbər verir ki, Talibov bunları söyləyib:
“Öncə 0:2 hesabı ilə kubalılara uduzurduq. Sonradan Heybətulla Hacəliyev və Xaybulla Musalovun qələbələri bizi ümidləndirdi. Ancaq son görüşdə Denis Latipov Erislandi Savona uduzdu. Latipovun yerinə Abdulqadir Abdullayev də olsaydı, qalib gələ bilməyəcəkdi. Çünki Abdullayev bu cür taktika seçən boksçulara qarşı döyüşə bilmir. O, açıq döyüşə meyl edənlərə qarşı daha yaxşı mübarizə aparır. Latipovun bir qədər təcrübəsi çatmadı. Növbəti rəqibimiz liqanın son qalibi “Astana Arlans”dır. Məhəmmədrəsul Məcidovu bu döyüşdə heyətə qoymaq istərdim, amma o hələ tam hazır deyil. Məcidovun yerinə Arslanbek Mahmudovu düşünsəm də, o, son məşqlərin birində zədələndi. Ümid Hacı Murtuzəliyevə qalır. Digər çəkilərdə Elvin Məmişzadə (52 kq), Albert Səlimov (60 kq), Məhəmməd Nuruddinov (69 kq) və Ramazan Məhəmmədov (81 kq) rinqə çıxacaq. Bu heyətimiz daha güclüdür və mən inanıram ki, “Astana Arlans” üzərində qələbə qazana biləcəyik”.