“Bizi yalnız qələbə razı sala bilər”
Bu gün Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) 6-cı turunun “Baku Fires” (Azərbaycan) və “Astana Arlans” (Qazaxıstan) komandaları arasında keçiriləcək görüşə həsr olunmuş çəki mərasimi və mətbuat konfransı keçirilib. Azerisport.az xəbər verir ki, boksçuların çəki mərasimindən sonra hər iki klubun nümayəndələri və idmançılar jurnalistlərin suallarını cavablandırıblar.
“Baku Fires”in baş meneceri Rizvan Gənciyev Qubada olan Avropa çempionu, Olimpiya oyunları və dünya çempionatının mükafatçısı Teymur Məmmədov barədə də fikirlərini bildirib: “Məmmədov hazırda komandamızla birgə məşq edir. O, “Baku Fires”in heyətində döyüşmək arzusundadı. Məşqçilər korpusu onunla bağlı qərarını verəcək. Biz Teymur Məmmədovun komandamızı gücləndirəcəyinə inanırıq. Ona inanırıq”.
Komandamızda 81 kq çəki dərəcəsində son məşqdə zədələnən Ramazan Məhəmmədovu Samir Məmmədov əvəzləyəcək. Gənc boksçu psixoloji baxımdan Ehsan Rouzbahani ilə döyüşə hazır olduğunu bildirib.
Rizvan Gənciyev isə sabahkı görüşün Məmmədovun özünü göstərmək baxımından şans olduğunu vurğulayıb: “Samirin adı ehtiyat boksçu kimi heyətdə var idi. Sadəcə Ramazanın gözlənilmədən zədələnməsi planları pozdu. Amma bu gənc boksçumuz üçün özünü sübut etmək baxımından yaxşı imkandır. Ümid edirəm ki, o, bizi sevindirəcək”.
Gənciyev boksçulardan qələbə gözlədiyini deyib: "Mən sözümü bir dəfə demişəm. Hər dəfə təkrar etməyəcəm. Kim rinqdə ümidləri doğruldmayacaqsa, heyətdən çıxarılacaq. Kubalılar bizimlə görüşdə 5:0 hesablı qələbə gözləyirdi. Amma boksçularımız onlara gücünü göstərdi. Nəticədə 2 görüşdə biz qalib gəldik. Fikrimcə, hakimlər hələ də titula önəm verir. Titullu idmançılara daha çox xal hesablayırlar. Qazaxıstan təmsilçisiylə görüşdə bizi yalnız qələbə razı sala bilər. Boksçulara inanıram. Hamısı peşəkardı".