Fariz Məmmədov: Revanş döyüşünə kimi tam hazır olacağam

"Hazırda Antalyada məşqlərimi davam etdirirəm. Bildiyiniz kimi, Qəbələdə almaniyalı Mattias Pelkə qarşı keçirdiyim döyüşdən öncə ağır zədə almışdım. Qabırğam sınmışdı. Müayinədən keçdim, həkimlər mənə müalicə almağı və bərpa olunmağı tapşırdılar. Antalyadakı məşqlərim əsasən bərpa yüklüdür. Həkim nəzarətində yüngül məşqlər edirəm, fitness salona və üzgüçülük hovuzuna gedirəm. Hazırda özümü yaxşı hiss edirəm. Hesab edirəm ki, revanş döyüşünə kimi tam hazır olacağam".
Azerisport.az xəbər verir ki, bu sözləri Azərbaycanı və "Qəbələ"ni peşəkar boksda təmsil edən Fariz Məmmədov söyləyib. Hazırda Antalyada bərpa prosesi keçən boksçu revanş döyüşünün vaxtının yanvar ayının sonunda dəqiqləşəcəyini deyib:
"Bu ayın sonuna kimi durumum barədə Dünya Boks Qurumuna (WBO) məlumat verməliyəm. Onlara sənədləşdirilmiş formada son həkim müayinəsinin cavablarını göndərməliyəm. Müayinənin nəticələrinə əsasən döyüşün vaxtı müəyyənləşdiriləcək. Güman edirəm ki, bu yaz aylarına təsadüf edəcək".
(Klub saytı)