Favoritlərdən yalnız Münasib Məmmədov büdrədi
“Sərhədçi” İdman Olimpiya Mərkəzində boks üzrə böyüklər arasında Azərbaycan çempionatı davam edir. Azerisport.az xəbər verir ki, respublikamızın müxtəlif şəhər və rayonlarını təmsil edən 198 idmançının mübarizə apardığı yarışda ikinci gün geridə qalıb.
İştirakçıların çoxluğunu nəzərə alan təşkilatçılar çempionatın vaxtını bir gün də uzadıblar. Beləliklə, final görüşləri yanvarın 31-də keçiriləcək.
Turnirin ikinci günündə favoritlərdən bir sıra beynəlxalq turnirlərin qalibi Münasib Məmmədovun (52 kq) uduzması gözlənilməz olub. O, Kənan Hüseynəliyevlə döyüşdən məğlub ayrılıb.
52 kq çəki dərəcəsində milli komandamızın “ikinci nömrə”si sayılan Əbdürrəhman Şirinovla “Baku Fires” klubunun üzvü Rauf Ağayevin döyüşü maraqla gözlənilirdi. Vaxtilə peşəkar rinqdə də bir neçə döyüş keçirmiş Ağayev çətinliklə qələbə qazanıb - 2:1.
56 kq çəki dərəcəsində dünya çempionu Cavid Çələbiyev son anda yarışa qatılmadığından bu çəkidə kimin qalib gələcəyi də maraq doğurur. Yeniyetmələr arasında Avropa birinciliyinin qalibi Araz Gülməmmədovla London Olimpiadasının iştirakçısı, “Baku Fires”in üzvü Məhəmməd Abdulhəmidov arasında döyüş sonadək davam etməyib. Abdulhəmidov zədələndiyindən həkimlər görüşün başa çatmasına icazə verməyiblər. Bir çox beynəlxalq turnirlərin qalibi Fərid Ağamoğlanov milli komandamızın sabiq üzvü İlkin Ağayevi mübarizədən kənarlaşdırıb.
75 kq çəki dərəcəsində gücünü sınayan Xaybulla Musalov da Azərbaycan çempionatına qələbə ilə başlayıb. İlk dəfə ölkə çempionatında iştirak edən boksçu Elşah Nadirovdan üstün olub.
Yeniyetmələr arasında Avropa çempionu Nəbi Bağırov isə Qusar boksçusu Fərid Mirzəbəyovu mübarizədən kənarlaşdırıb.
Yeniyetmələr arasında dünya birinciliyinin gümüş mükafatçısı Orxan Mayıllı Azərbaycan çempionatına qələbə ilə başlayıb. O, Əli Məmmədovdan üstün olub.
81 kq çəki dərəcəsində yarışan Batraz Qurtsiyev WSB liqasında debüt etməsə də, ölkə çempionatında mübarizə aparır. Qurtsiyev ilk döyüşdə Hüseyn Qasımovu məğlub edib.
Dünya və Avropa çempionatlarının iştirakçısı, 81 kq çəki dərcəsində milli komandamızın əsas üzvü sayılan Rauf Rəhimov ilk döyüşünü qələbə ilə başa vurub. Rəhimov “Sədərək” klubunun üzvü Xaqani Abdullayev üzərində qələbə qazanıb.
Yeniyetmələr arasında Avropa birinciliyinin bürünc mükafatçısı Məhəmmədəli Tahirovla (91+kq) dəfələrlə Azərbaycan çempionatlarının mükafatçısı olmuş Fərid Şabanov arasında da döyüş gərgin keçib. Daha təcrübəli Şabanov qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.
Yanvarın 28-də Azərbaycan çempionatının görüşləri 14:00-da başlayacaq.