Boksçumuz reytinq döyüşündə uğura imza atdı
18 fevral 2014 16:44

“Zirvə” İdman Klubunun uğurları bir-birini əvəzləyir. Azerisport.az xəbər verir ki, ağır atletika, cüdo, futbol və gimnastikada olduğu kimi, boksumuz da adından söz etdirə bilir.
Fevralın 16-da “Sərhədçi” İdman Kompleksində İBO (İnternational Boxing Organisation - Beynəlxaql Boks Təşkilatı) kəməri uğrunda reytinq döyüşü keçirildi. Bu döyüşdə Azərbaycanı “Zirvə” İdman Klubunun boksçusu Rauf Ağayev layiqincə təmsil etdi.
Asiya üzrə WBO, WBCA, WBC kəmərlərinin sahibi, ilk dəfə Azərbaycana WBC dünya kəmərini qazandıran Rauf, gürcüstanlı Georgi Qoçişvili ilə qarşılaşdı.
Rəqibindən bir baş üstün döyüşən Rauf, gözəl boks nümayiş etdirib. İlk dəqiqələrdən üstünlüyü ələ keçirən “Zirvə”çi boksçumuz, ortaya sürət və çeviklik qoydu. Qoçişvilinin zərbələrindən də çəkinməyən Ağayev, əks-hücumlarda onu çaş-baş sala bildi. Gürcüstanlını bir neçə dəfə noqdauna salan boksçumuz 6 raunddan ibarət olmalı olan döyüşü, rəqibinin imtinası səbəbi ilə iki raundda bitirdi.
Bu gözəl qələbə münasibətilə bütün idmansevərlərimizi təbrik edirik. “Zirvə” İdman Klubunun rəhbərliyi və hər bir üzvümüz Raufa qarşıda döyüşlərdə də zəfərlər çalmağı arzulayır, bizi yenə də sevindirməyini gözləyirik. İnanırıq ki, boksçumuzun uğurları davam edəcək.
Rauf Ağayevin növbəti döyüşü Almaniyada keçiriləcək. İdmançımız artıq İBO kəməri uğrunda döyüşmək üçün rinqə çıxacaq.
(Zirvə)