İki boksçumuz medalı təmin etdi
22 aprel 2014 11:11
İki boksçumuz Bolqarıstanın paytaxtı Sofiyada keçirilən gənclər arasında dünya birinciliyinin ən azı bürünc medalını özünə təmin edib. Azerisport.az xəbər verir ki, 52 kq çəki dərəcəsində mübarizə aparan Məsud Yusifzadə aprelin 23-də keçiriləcək yarımfinalda Böyük Britaniya nümayəndəsi Məhəmməd Əli ilə qarşılaşacaq.
Komandamıza medal qazandıran digər boksçu Rüfət Hüseynovdur. 49 kq çəki dərəcəsində yarışan həmyerlimiz yarımfinal görüşündə özbəkistanlı Süleyman Latipovla üz-üzə gələcək.
Superağir çəki dərəcəsində çıxış edən Məhəmmədəli Tahirov isə ¼ finalda mübarizəni dayandırıb. Milli komandamızın üzvü Rusiyanı təmsil edən Marat Kerimxanova uduzub – 0:3.
Çində keçiriləcək yeniyetmələrin II Olimpiya oyunlarına lisenziya xarakteri daşıyan dünya birinciliyinə aprelin 24-də yekun vurulacaq.