Rizvan Gənciyev: Baku Fires-dən narazı qala bilmərəm
8 iyun 2014 15:55
"Baku Fires" klubunun baş meneceri Rizvan Gənciyev azerisport.az saytına açıqlamasında 2013-2014 mövsümünün yekunları barədə danışıb:
"Bu mövsüm ən yaxşı nəticəni qazandıq. Finalda məğlub olsaq da, ikinci yeri tutduq. Mötəbər turnirdə ikinci yeri tutmaq, yaxşı nəticədir. Bütün boksçulara təşəkkür edirəm. Onlar etimadı doğrultdu. Çətin yolu birgə gəldik. Finalda boks ölkəsi kimi tanınan Kuba komandasına uduzduq. Layiqli rəqib oldular. Komandamdan narazı qala bilmərəm. Onlar əllərindən gələni etdilər. Mövsüm ərzində əvvəlki çempionlar İtaliya və Qazaxıstan komandalarını məğlub etdik. Biz hədəfimizə doğru irəliləməkdə davam edəcəyik. Məqsədimiz dünya çempionluğudur. Mütləq qızıl kuboku Bakıya gətirəcəyik. Yeni mövsümdə komanda yeniləşəcək. Eyni zamanda hədəfimiz artacaq. Biz həm də olimpiya oyunlarına lisenziya uğrunda yarışacağıq".