Bakı Olimpiya təsnifat turnirini qəbul edəcək!
Türkiyənin İstanbul şəhərində keçirilən AİBA İcraiyyə Komitəsinin iclasında 2015 və 2016-cı ildə keçiriləcək bir çox mötəbər boks yarışlarını qəbul edəcək ölkələrin adlarına aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, gizli səsvermə nəticəsində 2016-cı ildə Rio de Janeyro Olimpiadasına vəsiqə verən dünya Olimpiya təsnifat turnirinin Bakıda keçiriləcəyi müəyyənləşib.
Toplantıda ölkəmizi Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, AİBA İcraiyyə Komitəsinin üzvü Süleyman Mikayılov təmsil edib. Qeyd edək ki, 2011-ci ildə paytaxtımızda təşkil olunan boks üzrə dünya çempionatı da London Olimpiadasına lisenziya xarakteri daşıyırdı. Bakı turniri Braziliya Olimpiadasına lisenziya verecək son boks yarışı olacaq.
Digər yarışların keçiriləcəyi şəhərlər:
Sankt Peterburq – 2015-ci il yeniyetmələr arasında dünya birinciliyi
Taypey – 2015-ci il yeniyetmə və gənc qızlar arasında dünya birinciliyi
Astana – 2016-cı il qadınlar arasında dünya çempionatı
Yaunde (Kamerun) – 2016-cı il Afrika Olimpiya təsnifat turniri
Buenos-Ayres – 2016-cı il Amerika Olimpiya təsnifat turniri
Qianyan (Çin) – 2016-cı il Asiya və Okeaniya Olimpiya təsnifat turniri
Sankt-Peterburq – 2016-cı il gənclər arasında dünya birinciliyi
İstanbul – 2016-cı il Avropa Olimpiya təsnifat turniri
Bakı – 2016-cı il dünya Olimpiya təsnifat turniri