Yığmamız AÇ-yə Vəlizadə ilə start verir

İtaliyanın Assisi şəhərində yeniyetmə və gənc qızlar arasında boks üzrə Avropa birinciliyinə start verilib. Azerisport.az xəbər verir ki, turnirdə 26 ölkənin 100 idmançısı mübarizə aparır.
Azərbaycan milli komandası gənclərin yarışında 3 boksçu ilə təmsil olunur: Aliyə Vəlizadə (54 kq), Məryəm Cəbrayılova (64 kq) və Alina Hacıyeva (81 kq). Boksçularımızdan ilk olaraq bu gün Vəlizadə rinqə çıxacaq. Həmyerlimiz Bakı vaxtı ilə saat 22:15-də 1/8 final mərhələsində rusiyalı Stefani Sultanova ilə qarşılaşacaq.
Məryəm Cəbrayılova iyulun 23-də irlandiyalı Kiara Şheediylə, Alina Hacıyeva isə iyulun 26-da ukraynalı Anastasiya Stankeviçlə üz-üzə gələcək.
Qeyd edək ki, seçmə komandamız Avropa birinciliyindən 10 gün öncə İtaliyaya yollanaraq, orada İrlandiya, Hollandiya, Belçika, və yerli komanda ilə birgə təlim-məşq toplanışında iştirak edib.
Avropa birinciliyinə iyulun 27-də yekun vurulacaq.
Yarışda ölkəmizi hakim kimi Ceyhun Qədirli təmsil edir.