Olimpiadaya lisenziya qazanan boksçular Avropa Oyunlarında çıxış etməyəcək
"Baku Fires" peşəkar boks klubunun baş meneceri Rizvan Gənciyev Ümumdünya Boks Seriyasının 4-cü turunda "Poland Hussars" klubu üzərində 5-0 hesablı qələbədən sonra azerisport.az saytına açıqlama verib. O, bunları söyləyib:
"Cari mövsüm zəif rəqib yoxdur. Hətta Polşa klubuna qarşı görüşdə rəqibin bütün boksçuları əzmkar mübarizə sərgilədi. Bu gün qazanılan 5:0 hesablı qələbədən razıyam. Debütant Pərviz Bağırov özünü yaxşı göstərdi. Bu qələbəylə kifayətlənmək olmaz. Hər həftə komanda bir görüş keçirir. Bu görüşlərdə qazanılan qələbə yekunda 2016-cı ildə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanmağa imkan verəcək. Ona görə qələbələrin davamı gəlməlidir".
Rizvan Gənciyev həmçinin qeyd etdi ki, AİBA-nın yeni qaydalarına əsasən Ümumdünya Boks Seriyasından Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanan boksçular Avropa Oyunlarında iştirak etməyəcək.