WSB Peşəkar Boks turnirinə çevrilir
Lozannada Ümumdünya Boks Seriyasında iştirak edən klub rəhbərlərinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, toplantıda vacib məsələlər müzakirə olunub.
İlkin müzakirələrdən sonra 2017-ci ildən etibarən WSB turnirində qadın boksçuların iştirakına icazə vermək məsələsinə baxılıb. Klublar razılıq verərsə 2017-ci ildən qadın boksçular üçün əlavə bir çəki müəyyən olunacaq. Bu qərarla AİBA gələcəkdə olimpiadada qadınların təmsil olunduğu çəkini artırmaq istəyir.
Digər vacib qərar 2017-ci ildən etibarən Ümumdünya Boks Seriyasının turnirlərinin bütövlüklə peşəkar boks qaydalarına uyğun keçirilməsidir. Yeni sponsorların cəlb olunacağı layihədə boksçular yüksək qazanc əldə edəcək. Bu yarışlarda iştirak edəcək idmançılar həvəskarların turnirinə buraxılmayacaq və peşəkar boksçu sayılacaq. Hazırda bu yarışın reqlamenti müəyyənləşdirilir.