"Növbəti mərhələyə yüksəlməyin öhdəsindən gələcəyik"
Martın 14-də Quba Olimpiya Kompleksində Azərbaycanın "Baku Fires" klubunun Ümumdünya Boks Seriyasında (WSB) "Caciques Venezuela” komandasına qarşı keçirəcəyi döyüşlə əlaqədar mətbuat konfransı təşkil olunub. Azerisport.az xəbər verir ki, Venesuela komandasının baş məşqçisi Omar Koffi Karakas - Roma - İstanbul - Bakı təyyarə reysi və ardından avtobusla Qubaya üst-üstə 24 saat yol qət etdiklərini açıqlayıb.
Bununla belə, Koffi görüşdən 2 gün tez gəldiklərini və bərpa üçün vaxtlarının olduğunu vurğulayıb. O, Azərbaycanda olmalarından məmnunluğunu dilə gətirib. Qubalılara mehriban və qonaqpərvər münasibətləri qarşılığında minnətdarlıq edən baş məşqçi komandasından maraqlı döyüş gözlədiyini bildirib.
"Baku Fires"in baş məşqçisi Nuripaşa Talıbov isə görüşün gərgin keçəcəyini bildirib. Azarkeşlərə müraciət edən Talıbov zalı doldurmalarını istəyərək, əvəzində onlar üçün baxımlı döyüş sərgiləyəcəklərini vəd edib: "Hər bir görüşdə qələbə üçün mübarizə aparırıq. Bütün boksçularımızdan qələbə gözləyirik. Biz maksimalistik, 5:0 hesablı qələbə lap yaxşı olar. Əsas hədəfimiz hər bir boksçunun fərdi reytinqdə yüksək sıralarda olmasıdır. Çünki bu, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün vacibdir. Fikrimcə, hələlik komandamız qarşıya qoyulan məqsədi yaxşı yerinə yetirir. Fərdi reytinqlə yanaşı, qrupda mövqeyimiz barədə də düşünürük. Hazırda 3-cü pillədəyik. Məncə, ilkin vəzifənin - növbəti mərhələyə yüksəlməyin öhdəsindən gələcəyik".
Ötən tur "Baku Fires"in səfərdə "İtalia Thunder" klubu ilə keçirdiyi görüşündə xoşagəlməz hadisə baş verib. 81 kq çəki dərəcəsində çıxış edən yerli boksçu Valentino Manfredoniya Soltan Migitinovla qarşılaşmadan sonra qələbəsini çılğın formada qeyd edib. Talıbov Migitinovun soyuqqanlı reaksiyasını onun soyuqqanlı və sakit xarakterli idmançı olması ilə əlaqələndirib: "Əslində Soltan uduzmamışdı, qələbəsi əlindən alındı. Artıq bu mövsüm ilk dəfə deyil ki, o, belə haqsızlıqlarla üzləşir. Bu dəfə isə rəqib boksçu Migitinovu təxribata çəkmək istədi. Lakin boksçumuz hakim ədalətsizliyinə və rəqibin jestlərinə reaksiya vermədi".
Cavid Dadaşovun 49 kq çəki dərəcəsində ilk dəfə WSB Liqasında rinqə çıxacağını xatırladan "Baku Fires"in baş məşqçisi boksçunun 5 raundluq döyüşə hazır olduğunu bildirib: "Dadaşova ümidimiz böyükdür və sabah layiqli mübarizə aparacağını gözləyirik".