Belarus Avropa Oyunlarına gətirəcəyi boksçuların adını açıqladı
Birinci Avropa Oyunlarında iştirak edəcək boks üzrə Belarus milli komandasının heyəti məlum olub. Azerisport.az xəbər verir ki, Bakıya gələcək heyətdə azərbaycanlı idman həvəskarlarına tanış olan simalar da var.
“Baku Fires” klubunda bu mövsüm WSB liqasında bir döyüş keçirən Leonid Çernobayev ölkəsini 91 kq çəki dərəcəsində təmsil edəcək. “Baku Fires”dən bizə tanış olan daha bir boksçu – Məhəmməd Nuruddinov da Bakıya gələcək. Vaxtilə komandamızın heyətində çıxış etmiş Avropa çempionatının gümüş mükafatçısı 69 kq çəki dərəcəsində yarışacaq. Belarus komandasının liderlərindən biri qitə çempionu Vazgen Safaryants (60 kq) olacaq. İvan Fiqurenko (52 kq), Dmitri Asanov (56 kq), Yevgeni Dolqolivets (64 kq), Vitali Bondarenko (75 kq) və Sergey Novikov da (81 kq) Avropa Oyunlarında mübarizə aparacaqlar. Qadınların turnirində Yana Burim və Viktoriya Kebikova çıxış edəcəklər.