Yeniyetmə və gənc qızların dünya çempionatına 3 boksçu ilə
Çin Xalq Respublikasının Taypey şəhərində mayın 14-dən 25-ə kimi boks üzrə yeniyetmə və gənc qızlar arasında dünya birinciliyi keçiriləcək. Azerisport.az xəbər verir ki, yarışda 45 ölkənin 441 idmançısı mübarizə aparacaq.
Azərbaycan milli komandası məşqçi İlham Alimcanovun rəhbərliyi altında yarışda 3 boksçu ilə təmsil olunacaq. Viktoriya İsmayılova (51 kq), Aliyə Vəlizadə (54 kq) və Alina Hacıyeva (+81 kq) komandamıza medal qazandırmağa çalışacaqlar.
Qeyd edək ki, milli komandamızın hər 3 üzvü gənclərin yarışında gücünü sınayacaq. Gənclərin yarışında 247, yeniyetmələrdə isə 194 boksçu çıxış edəcək. İqtisadi cəhətdən zəif inkişaf edən ölkələrdən Əfqanıstan, Botsvana, Burundi, Qvatemala, Haiti, Kosovo, Nepal və Şri-Lanka boksçuları da dünya birinciliyinə qatılmaq imkanı əldə ediblər.