Vergilər Nazirliyi xəbərdarlıq etdi
14 oktyabr 2011 16:23

Uzun müddət qeyri-leqal fəaliyyət sahəsinə çevrilmiş totalizator oyunlarına nəzarət etmək üçün son vaxtlar bu oyunlar rəsmiləşdirilib, İnzibati Xətalar və Cinayət məcəllələrinə dəyişikliklər edilib, vahid qaydalar təsdiq olunub, qanunla əldə edilən gəlirin 4,2%-nin ölkədə idmanın inkişafına yönəldilməsi qərara alınıb. Azerisport.az Vergilər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 309-cu maddəsi yenidən işlənərək qumar oyununda iştiraka görə cərimənin məbləği artırılıb.
Bundan sonra qumar oyununda iştirak edənlər oyun ləvazimatı, onlara qoyulmuş pul vəsaitləri və digər əmlak müsadirə edilməklə 400 manatdan 600 manatadək cərimə olunacaqlar. Əvvəllər bu məbləğ 15-20 manat təşkil edib. Bu dəyişiklik qanunla müəyyən edilmiş qaydada keçirilən lotereyalara və idman mərc oyunlarına şamil olunmur. İnzibati Xətalar Məcəlləsinə edilmiş digər dəyişikliklərə əsasən, qanunsuz lotereyaların və idman mərc oyunlarının (stimullaşdırıcı lotereyalar istisna olmaqla) hüququ olmayan şəxs tərəfindən təşkilinə görə təşkilatçı 1500 manatdan 2000 manatadək cərimə ödəyəcək. Bununla əlaqədar Cinayət Məcəlləsinə də əlavə və dəyişikliklər edilib.
Qanunsuz olaraq lotereya və idman mərc oyunlarının keçirilməsinə görə bu əməllər təkrar törədildikdə, külli miqdarda ziyan vurulduqda, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə, vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya 1 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Qumarxana üçün yer təşkil edən və həmin yeri saxlayanlar 2 ilədək müddətə islah işləri və ya üç ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Eyni əməllər təkrar və ya qabaqcadan əlbir olan bir qrup şəxs - mütəşəkkil dəstə tərəfindən törədildikdə 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.