Azərbaycanda idmanın inkişafına vəsait axını artacaq
9 dekabr 2011 17:06

İnsan üçün ən şirin şey həyatıdı. Heç kim vətən və sevdiklərindən başqa hansısa başqa səbəbə görə həyatlarını qurban verməz. Söhbət yalnız kiminsə dünyasını dəyişməsindən getmir. Həbsxana həyatını yaşamaq da, insan üçün dəyəri heç nə ilə ölçülməz həyatdan qismən imtina etməsi deməkdi.
Azerisport.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin son günlərdə imzaladığı Cinayət və İnzibati Xətalar Məcəllələrinə əlavə və dəyişikliklərin edilməsi haqqında qanunlara əsasən qeyri-qanuni idman mərc oyunları təşkil edən şəxslər də, həyatlarından qismən imtina etməli olacaqlar. Külli-miqdarda cərimə ilə həm öz, həm də yaxınlarının maddi durumunu pisləşdirəcəklər. Bununla yanaşı, belə insanları sonda məhbəs həyatı da gözləyir. Halbuki, bütün bu xoşagəlməzliklərdən qorunmaq olduqca asandı. Dövlətin qəbul etdiyi tələblərə uyğun hərəkət edərək, hər kəs, daha doğrusu, mərc oyunu təşkil etmək istəyən şəxslər normal fəaliyyətlərini davam etdirə bilərlər.
Mərc oyununu qanunla müəyyən edilmiş qaydada təşkil etməklə insanlar yalnız özləri üçün deyil, həm də dövlət üçün əhəmiyyətli addım atmış olarlar. Belə ki, məhz onların ödədiyi vergilərlə, büdcədəki valyuta ehtiyatı artar, vətəndaşların, o cümlədən də müştərilərinin rifahı yüksələr. Ödəniləcək vergi hesabına formalaşdırılacaq büdcədən idmanın inkişafına önəmli pay ayrılacaq ki, bu da sonda yenə onların özlərinə xeyir verəcək. Çünki idmanı inkişaf etmiş ölkədə, azarkeş sayı çoxalır ki, sonda mərc oyununa maraq göstərənlərin sayı artar. Bir sözlə, qanunun vətəndaşlara xidmət etdiyini unutmaq lazım deyil. Vətəndaşların isə borcudu ki, qanunun aliliyini tanısın.