23 fevral 2010 16:47

“Sehrli qutu”da yarıfabrikat

Futbolun populyarlaşmasında televiziyanın rolu əvəzsizdir. Təsadüfi deyil ki, dünyanın əksər ölkələrində yerli çempionatın oyunlarına televiziyanın böyük marağı var və oyunların yayım hüququnu əldə etmək üçün gərgin mübarizə gedir. Məsələn, ilk baxışdan heç nə ilə diqqəti cəlb etməyən Sloveniya birinciliyinin yayım hüququ üçün qiyməti daha məşhur Rusiya Premyer Liqasını geridə qoyur. Azerisport.az xəbər verir ki, Azərbaycan çoxdan bazar münasibətlərinin hökm sürdüyü ölkə olsa da, televiziya və futbol təsərrüfatı arasında bu cür sistemin formalaşmasına hələ xeyli zaman lazımdır.
 
Bizi belə düşünməyə AzTV və “İdman Azərbaycan” kanallarının fəaliyyəti, daha doğrusu, fəəliyyətisizliyi sövq edir. Birincisi, bu telekanalın yayım hüququnu PFL-dən neçəyə aldığı və son nəticədə PFL-in üzvü olan klubların nə qədər və hansı sistemlə pul qazanacağı məlum deyil. İkincisi, adıçəkilən kanallar çempionatın oyunların yayımlanmasından və həftədə bir, iki, bəzən də üç dəfə efirə çıxan “Premyer Liqa” verilişindən başqa çempionatın təbliğinə geniş yer ayırmır. Üçüncüsü və ən əsası, matçların efirə verilməsində hər hansı bir sistem gözə dəymir.
 
“Siyahı üzrə” davam edək.
 
İki il əvvəl, hələ PFL yaradılmamışdan əvvəl AFFA matçların yayım hüququnu öz üzərinə götürəndə, bu, klubların ciddi narazılığı ilə nəticələnmişdi. Amma məntiqlə çempionatı idarə edən muxtar qurumun – PFL-in təsis olunması bu məsələdə kompromisslərin yaranmasına gətirib çıxarmalı idi. Çünki klublar könüllü və ya könülsüz (fərq etməz) PFL-in üzvlüyünə qəbul edilərkən, imza atılan bəndlərdən biri də məhz TV ilə bağlıdır. Yəni, klublar oyunların yayım hüququnu liqaya verməyə razılaşır, dolayısıyla bu hüquqların faktiki olaraq, özündə qalmasını təmin edir. Peşəkar Futbol Klubları olmadan PFL-in mövcudluğu absurddur. Deməli, Ramin Musayevin rəhbərlik etdiyi qurumun bütün tele- və reklam hüquqları mərkəzləşdirilmiş şəkildə satılmalı və gəlirlər müəyyən prinsip üzrə bölünməlidir.
 
Əslində isə biz absurd vəziyyətlə üz-üzəyik. AzTV və ya “İdman Azərbaycan” “Qarabağ”ın bütün ev oyunlarını yayımlayır, tutaq ki, Qəbələ və ya Zaqataladan isə bu mövsüm bir dəfə də olsun qarşılaşma azarkeşlərə canlı şəkildə təqdim edilməyib. Ağdamlılardan başqa digər komandaların oyunlarının yayımlanması isə (diqqət!) həmin klublara müəyyən məbləğ qarşılığında başa gəlir. Bura telekanal əməkdaşlarının qarşılanması, yerləşdirilməsi və qidalanması daxildir. Əlbəttə, bunlar heç bir sənəddə əksini tapmayıb və tapa bilməz. Amma vəziyyət, faktiki olaraq, belədir. Deməli, klublar öz oyunlarının yayımına görə pul qazanmaq əvəzinə pul xərcləyirlər.
İkinci məsələ - telekanalların marketinq fəaliyyəti. Nə qədər gülməli səslənsə də, bu gün nə AzTV, nə də “İdman Azərbaycan”da çempionatın rəsmi sponsoru olan “Unibank”ın 5 saniyəlik də olsun reklamına rast gəlinmir. Əlbəttə, bu, bankın daxili işidir və biz “Unibank”ın reklam siyasətini müzakirə etməkdən xeyli uzağıq. Amma dünya praktikası göstərir ki, çempionatın rəsmi sponsorunun başlıca reklam məkanı məhz oyunların yayım hüququnu əldə edən telekanaldır. Bu da təbiidir. Azarkeş canlı futbola baxmaq üçün “X” kanalına çevirməlidir. Bu sosial “məcburiyyət“ reklam bazarının inkişafına bir nömrəli təkandır. Əgər “Unibank” TV-də reklam vermək əvəzinə, küçələrə və reklam lövhələrinə müraciət edirsə, deməli, onu AzTV və “İdman Azərbaycan”ın auditoriyası qane etmir. Məhz, burada kanalların fəaliyyətsizliyi üzə çıxır.
 
Bu gün keçmiş dövlət kanalında sırf futbol tematikalı veriliş yoxdur. İdman kanalı isə yalnız “Premyer Liqa” adlı təxminən bir saatlıq verilişlə kifayətlənir ki, onun da səviyyəsi idealdan xeyli uzaqdır. Biz həmkarlarımızın zəhmətini yerə vurmaq istəmirik, lakin fakt odur ki, uzağa getməyib, Rusiya və ya Türkiyninə müvafiq verilişləri ilə müqayisə etdikdə, “İdman Azərbaycan”ın “Premyer Liqa”sı yarıfabrikat təsiri bağışlayır. Azarkeş üçün, məsələn, Xaqani Məmmədovun turu şərh etməsi heç bir maraq doğura bilməz. Çünki, Məmmədov 1) Hakimlər Komitəsinin sədridir, deməli, maraqlı tərəfdir və ondan tənqid gözləməyə dəyməz; 2) futbol mütəxəssisi deyil, keçmiş hakimdir. Əlbəttə, Xaqani bəyin futbol biliyini şübhə altına salmaqdan tamamilə uzağıq – o, biliyini dəfələrlə sübut edib. Amma işin psixoloji tərəfi var. İnsan psixologiyası hakimin oyun qaydalarından başqa digər şeylər (məşqçilərin taktiki gedişləri, futbolçuların oyunu və s.) haqqında danışmasını qəbul edə bilməz.
Daha bir mənfi cəhət: ölkə çempionatında telekanalın təsiri hiss olunmur. Məsələn, fleş-müsahibələr yoxdur. Oyunların əksəriyyətinin görüntülərinin PFL-in İctimaiyyətlə Ələqələr Departemantindən alınması, ümumiyyətlə heç bir çərçivəyə sığmır.
Nəhayət, üçüncü problem. Düzü, çempionatın başlanmasından keçən 5 ay ərzində matçların hansı sistemlə yayımlandığını anlamaq mümkün olmayıb. Quzanlıdan 15-ə yaxın canlı reportajın məqsədlərini anlayır və alqışlayırıq. Amma məsələn, “Simurq” – “Xəzər Lənkəran”, “Simurq” – “Neftçi”, “Qəbələ” – “İnter” oyunları bu qədərmi maraqsızdır? Bəlkə “Bakı” – “Muğan” oyunu, “altılığ”a son vəsiqənin taleyinin müəyyən olunduğu “Turan” – “Simurq” və “Qəbələ” – “Standard” qarşılaşmalarından daha vacibdir? Əlbəttə, yox.
Sistemsizlik bizim ümumi bəlamızdır, lakin, hər halda, səbəbləri bu dəfə sistemsizlikdə axtarmayın. Sadəcə, PFL növbəti mövsüm üçün çempionatda teleyayım məsələlərinə ciddi diqqət yetirməlidir. Əks halda, “Neftçi” – “Xəzər Lənkəran” oyununun telereytinqi hansısa mətbəx verilişinin reytinqinə heç yaxınlaşa da bilməyəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.