23 fevral 2010 00:55
İqor Ponomaryov Neftçiyə məşqçi kimi dönür
İqor Ponomaryov yaxın günlərdə “Neftçi” baş məşqçisi təyin oluna bilər. Azerisport.com xəbər verir ki, o, bazar günü “İnter”ə məğlubiyyətdən sonra istefa vermiş Vaqif Sadıqovun yerinə ən real namizəd sayılır.
Aldığımız məlumata görə, klub rəhbərliyi fevralın 24-də 50 illik yubileyini qeyd edəcək mütəxəssislə artıq danışıqlar aparıb. İlkin razılığını verən Ponomaryovun detalların müzakirəsindən sonra 6 ay + 1 il sistemi ilə müqaviləyə imza atacağı gözlənilir.
Mövsümün sonuna qədər baş məşqçi postuna gətiriləcək mütəxəssisin qarşısına çempionluq məqsədi qoyulacaq və “Neftçi”nin bu hədəfə çatacağı təqdirdə, müqavilənin müddəti avtomatik olaraq uzadılacaq. Ponomaryov baş məşqçi kimi futbolçulara komanda istirahətdən qayıtdıqdan sonra - fevralın 26-da təqdim olunacaq.
Xatırladaq ki, futbolçu kimi uzun müddət “Neftçi”nin şərəfini qoruyan İqor Ponomaryov məşqçilik karyerasına İsveçdə başlayıb. Sonradan bir müddət Azərbaycan yığmasında, “Qarabağ”da, “Maşuk”da (Pyatiqorsk, Rusiya) işləyib. Çalışdırıcının son iş yeri ötən mövsümün sonunda ayrıldığı “Xəzər Lənkəran” olub.
